Türkiyədə və bəzi ölkələrdə hər hansı səbəbdən istintaqa cəlb olunan, yaxud azadlıqdan məhrum edilən şəxslərin parlament seçkilərində namizədliyini irəli sürə bilmək kimi hüquqları var. Bu təcrübə Azərbaycanda tətbiq edilə bilərmi, ümumiyyətlə, bu məsələ qanunvericilikdə necə tənzimlənməlidir?
“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Modern.azsaytına bildirib ki, Azərbaycan qanunvericiliyində deputat olmaqla bağlı Konstitusiyanın müəyyən etdiyi normalar var. Bu normalara əsasən, yalnız bir neçə halda şəxslər deputatlığa namizədliyini irəli sürə və deputat seçilə bilməz:
“Bunlardan birincisi, ilk növbədə şəxsin haqqında azadlıqdan məhrum edilməklə bağlı məhkəmə qərarının olmasıdır.
Şəxs təqsirləndirilirsə və haqqında istintaq gedirsə, bu zaman onun deputatlığa namizədliyini irəli sürməyində heç bir problem yoxdur. Amma burada yeganə şərt ondan ibarətdir ki, həmin şəxs məhkum olunmasın və cəza çəkməsin. Keçmiş məhkumlar isə deputatlığa namizədliyini irəli sürə bilər. Eyni zamanda, başqa ölkə qarşısında öhdəliyi olmayan, ikili vətəndaş kimi tanınmayan hər bir şəxs namizəd ola bilər. Bunlar da normal tələblərdir”.
Əliməmməd Nuriyev onu da qeyd edib ki, dünyada deputatlığa namizədliklə bağlı müəyyən edilən norma və tələblər var:
“Azərbaycanda namizədliklə bağlı məhdudiyyətlər 2 mərhələdə aparılır: Namizəd və deputat olmağa imkan verməyən tələblər.
Bunlar bütün dünyada qəbul olunan ideal tələblərdir. Azərbaycanda deputat olmaq üçün yeganə şərt yalnız yetərincə imza toplamaqdır. Deputat olandan sonra bəzi məhdudiyyətlər nəzərdə tutulur ki, bu da normaldır. Çünki deputat qanunverici hakimiyyətin nümayəndəsidir və bu hakimiyyətin nümayəndəsi digər hakimiyyət orqanlarında çalışa bilməz.
Bu baxımdan, Türkiyə qanunvericiliyi də Azərbaycan qanunvericiliyi ilə oxşardır və eyni normalar orada da tətbiq olunur. İstintaq altında olan şəxs namizəd ola bilər, ancaq barəsində məhkəmənin qərarı ilə qüvvəyə minmiş hökm oxunmamalıdır. Ancaq düşünürəm ki, Azərbaycan qanunvericiliyi deputatlığa namizəd olmaq istəyən şəxslər və deputatlar üçün daha demokratik prinsiplər əsasında formalaşıb”.