Cıdır düzündə çəkilişdən küsən Qədir Rüstəmovu Anar necə yola gətirdi? - Foto

15 Kasım 2014 Cumartesi 08:00

Modern.az saytı bir müddət fasilə verdiyi “Qarabağ fotolarda” rubrikasını yenidən davam etdirir. 

Bu dəfə də yol Şuşadan düşür, özü də 1981-ci ilin yayındakı Şuşadan. Bu, o vaxt idi ki, indi Azərbaycan Yazıçılar Birliyinin sədri olan xalq yazıçısı Anar dahi bəstəkar və publisist Üzeyir Hacıbəyli həsr olunan “Üzeyir ömrü” filmini lentə alırdı. Bu, Anarın rejissor kimi artıq ikinci işi olacaqdı. 

Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını arxiv sənədləri və konkret faktlar əsasında təsvir edən filmdə, o dövrün  bir çox  tanınmış şəxslərini də görürük. Burada  Həsən bəy Zərdabi (aktyor Əli Zeynalov), Xurşudbanu Natəvan (Nəcibə Məlikova), Əbdürrəhim bəy Haqverdiyev (Rüstəm Rütəmzadə), Hüseyn Ərəblinski (Mikayıl Rəhimov) və başqa tarixi şəxsiyyətlər aktyorların ifasında tamaşaçılara təqdim olunur.  

Filmdə aktyorların canlandırdığı tarixi qəhrəmanların hamısı Üzeyir Hacıbəylinin ömür səhifələrində yer alan insanlar olub. Rejissor Anar da təbiiliyi qorumaq üçün bəzi tarixi obrazların peşəsinə uyğun şəxsləri filmə cəlb etmək istəyir. Məsələn, filmdə tarzən Qurban Pirimovu tarzən Ramiz Quliyev canlandırıb. 

Filmdə Qurban Pirimov məşhur xanəndə Cabbar Qaryağdıoğlunu müşayiət edir. Bu zaman rejissor, eləcə də çəkiliş qrupu Cabbar Qaryağdıoğlu rolunu ifa etmək üçün bir xanəndə dəvət etməyi düşünürlər. Çox çəkmir ki, heyət yekdilliklə Qədir Rüstəmovun üzərində dayanır.

Həm fiziki baxımdan, həm də səs tembrləri bir-birinə oxşar olduğundan bunu uğurlu tapıntı kimi qeyd edirlər. Amma əsas çətin məsələ Qədir Rüstəmovu necə razı salmaq imiş. Hamı Qədir Rüstəmovun tərs xarakterə malik olduğunu bilirdi. Amma Anar da sözündən dönmür. Nəhayət ki qəribə xasiyyətli xanəndəni filmə cəlb edirlər. 

Çəkiliş zamanı heyət üzvindən biri zarafatyana rejissora deyir ki, “Qədiri necə tuta bildin?”. Bunu o mənada deyir ki, yəni, Qədir Rüstəmovu necə razılığa gətirə bildin. Amma onun ərkyana dediyi söz Qədir Rüstəmovun xoşuna gəlmir. Acıq eləyib çəkiliş meydançasını tərk edir. Sonra birtəhər yenidən onu yola gətirib çəkilişə davam edirlər.  

Cıdır düzündə çəkilən bu şəkli barışıq əlaməti kimi anlamaq olar. Fotada Cabbar Qaryağdı rolunun ifaçısı Qədir Rüstəmov, Əbdürrəhim bəy Haqverdiyevi canlandıran Rüstəm Rüstəmzadə və rejissor Anar yer alıb.

Ömrünün son illərində telekanalların birində barəsində hazırlanan proqramda mərhum Qədir Rüstəmovun özü də bu məqama toxunub: “Gəlib Anara dedilər ki, “Qədiri necə tutdun?”. Mənim xoşum gəlımədi. Biz görmüşük ki, ova gedəndə ovu tutarlar da. Adam tülkü zad deyil ki, onu tutsunlar. Heç xoşum gəlmədi o sözdən. Heç adamı da tutarlar? Amma sonra barışdım.
Ondan sonra başqa filmlərə də dəvət etdilər, amma getmədim”.

Benzer Haberler