Elmlər Akademiyasında yeni təyinatlar, vəzifədən çıxarılanlar oldu

22 Ocak 2015 Perşembe 07:00

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Modern.az saytı xəbər verir ki, aparılan struktur dəyişikliyinə görə, AMEA Rəyasət Heyətinin aparatının Elmi-təşkilat idarəsi Elm və təhsil idarəsi adlandırılıb.

Aparatın Təhsil şöbəsi mövcud ştat vahidləri ilə Elm və təhsil idarəsinin strukturuna daxil edilib. İdarənin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Həmçinin AMEA-nın daimi fəaliyyət göstərən Elmi nailiyyətlər sərgisinin Əsasnaməsi və İşçi qrupunun tərkibi təsdiq olunub. AMEA Rəyasət Heyətinin aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva sərginin rəhbəri təyin edilib.

Tədbirdə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın hazırkı icra vəziyyəti müzakirə olunub. AMEA rəhbərinin sədrliyi ilə yubileyin Təşkilat komitəsi və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrliyi ilə İşçi qrupu yaradılıb.
Digər qərarla Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsinin icrasından irəli gələn vəzifələr üzrə Tədbirlər Planı təsdiq olunub. Müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı alt fəaliyyət planının hazırlanıb Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın Əlyazmalar və Polimer Materialları institutlarının yeni strukturu təsdiqlənib. Sonra İqtisadiyyat, Dendrologiya, Kataliz və Qeyri-üzvi Kimya institutlarının Elmi Şuralarının tərəkibində dəyişiklik edililməsi, Botanika İnstitutunun “Meşə mikologiyası və patologiyası”, “Biomüxtəliflik və iqlim dəyişmələri” adlı beynəlxalq laboratoriyalarının elmi proqramlarının yaradılması haqqında qərarlar qəbul edilib.

Daha sonra Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilindən danışılıb. Bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, problemlərin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini nəzərə alaraq, AMEA-nın Folklor İnstitutunun nəzdində Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb və Əsasnaməsi təsdiq olunub.

Sonda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də toxunulub, Vasif Abbasov Təcrübə-Sənaye Zavodunun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Reyhan Qasımova AMEA-nın Yer Elmləri Bölməsinin elmi katibi vəsifələrinə təyin olunub. Aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 
Rəyasət Heyətinin bugünkü iclasında İnstitutun direktoru vəzifəsinin icrası qurumun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədova həvalə edilib.

Benzer Haberler