İnterpola verilən azərbaycanlı diaspor sədri: “Ad günümdə mənə qarşı təxribat etdilər”

25 Kasım 2014 Salı 07:00

"Bu gün mənim üçün çox əziz olan bir tarixdə, anadan olmağımın 40-cı ildönümündə Azərbaycan KİV-ləri tərəfindən haqqımda axtarış elan olunması ilə bağlı yayılmış məlumata dair açıqlama vermək istəyirəm.

İlk olaraq onu qeyd edim ki, mən 10 ildən artıqdır ki, Çexiyada Azərbaycan diasporuna rəhbərlik edirəm və bu muddət ərzində dövlətimizin, millətimizin mənafeyini qorumuşam və hər iki ölkənin qanunlarına riayət etmişəm. Məni tanıyanların hamısı vətənpərvər və ədalətli bir şəxs olduğumu bilir. Ona görə də, Azərbaycan hüquq-mühafizə orqanlarının düşünülməmiş belə bir addım atmasını anlaşılmazlıq ilə qarşılayıram”.

Bu sözləri Modern.az saytına Çexiyadakı “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov İnterpol-un beynəlxalq axtarışına verilməsilə bağlı yayılanlara cavab olaraq bildirib. 

E.Nəzərov dələduzluqda günahlandırılmasına belə aydınlıq gətirib:

”2012-ci ildə mənə Çexiyada təhsillə bağlı bir azərbaycanlı ailə muraciət etmişdi. Mən onlara yardım etdim, Praqa Karl Universitetinə 6500 avro təhsil haqqı ödədilər. Onlara lazım olan sənədləri gondərdik, ancaq onlar öhdələrinə duşən sənədləşməni düzgün aparmadıqları üçün Çexiya səfirliyindən viza almadılar. Bütün bu sənədlər və ödəmələr haqda qəbzlər və subutlar əlimizdədir.

Bu işdə mənim günahım olmasa da, mən öz cibimdən o adamlara 3000 dollar qaytardım. Ancaq onlar məni Azərbaycan hüquq-muhafizə orqanları ilə hədələdilər və şantaj olaraq daha çox maddi vəsait tələb etdilər. Düşünürəm ki, bu məsələdə onların pis niyyətləri var və kiçik bir məsələni siyasiləşdirmək istəyirlər.

Bu isə Azərbaycanın mənafeyinə zərərdir və mənfur erməni düşmənlərimizin dəyirmanına su tökmək məqsədi daşıyır. Çünki biz erməni diasporu ilə daim Çexiyada münaqişədəyik və mənə qarşı olan bu addım da provakasiya və təxribat xarakteri daşıyır”.

Elşən Nəzərovun sözlərinə görə, o, artıq 17 ildir ki, Çexiya Respublikasının rəsmi qoruması altındadır və ümid edir ki, rəsmi Azərbaycan tərəfi də tezliklə ona qarşı atılan bu şərin səbəbkarlarını cəzalandıracaq. 

”Şəxsən mən hər iki dovlətin müvafiq orqanları ilə əməkdaşlığa hazıram”-deyə o, bildirib.

Benzer Haberler