İranla sərhəddə İNSİDENT - Hərbçilərimizə atəş açdılar

08 Nisan 2022 Cuma 12:00

7 aprel saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.

Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətindən Modern.az-a daxil olan birgə məlumatında bildirilib.

Rəsmi məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb:

"Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.

Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib. Sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib. Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb".

Rəsmi məlumata görə, qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Benzer Haberler