Mahsun Kırmızıgül Bakını bəyənmədi

05 Şubat 2015 Perşembe 10:00

Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgül jurnalistlər qarşısında çıxış edərkən Bakıdan danışdı.

O indiyə qədər paytaxtımıza gələn qonaqların şəhərə söylədikləri tərifləri alt-üst etdi. Kırmızıgül Bakının nöqsanlarından danışdı. Əslində isə bu, şəhərin deyil, insanların nöqsanıdır.

"Bakı çox dəyişib, küçələr, şəhərin memarlıq quruluşu çox dəyişib. Əslində mənim bir tərəfim də Azərbaycandandır. Ona görə də çox sevinirəm bu inkişafa görə. Amma inkişaf tək binalarla olmur. Mədəniyyət də inkişaf etməlidir".

Milli.Az xəbər verir ki, bu sözləri Mahsun Kırmızıgül "Möcüzə" (Mucize) filminin Bakıda, "28 Cinema"da keçirilən təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Kırmızıgül hesab edir ki, Bakı boyda şəhərdə cəmi 7 ədəd kinoteatrın olması çox pisdir. Bu say Bakı boyda şəhərdə ən azı 50 ədəd olsa, yaxşıdır.

Yeni çəkdiyi "Möcüzə" filmindən danışarkən Kırmızıgül bildirib ki, bu, sevginin gücü, həyatın çətinliklərinə qarşı çıxmaq barədə danışan bir filmdir.

Rejissor "Möcüzə" filminin 80-ci illərdə Türkiyədə baş vermiş real hadisələr əsasında çəkildiyini bildirib və əlavə edib ki, müəyyən səbəblərə görə baş verənləri filmdə 60-cı illərə daşıyıb. Bundan başqa, filmin real qəhrəmanlarının hal-hazırda İstanbulda yaşadığını deyən Mahsun Kırmızıgül aktyor oyunlarını da çox bəyəndiyini qeyd edib.

"Türkiyədə musiqi fəaliyyətimə başlayanda ən yaxşılardan olmağa çalışdım. Səhvlərim də çox oldu. Ölkəmdə olduğu kimi Azərbaycanda da məni müğənni kimi tanımağa başladılar. Mənim mahnılarım üçün darıxanları üzdüyümü başa düşürəm. Amma təəssüf ki, eyni anda bir neçə iş görə bilmirəm. Kino mənim yeni sınağım idi. Kino çəkmək albom hazırlamaqdan daha asandır”, - o vurğulayıb.

Hazırda Türkiyə, Azərbaycan və Avropada eyni vaxtda ekranlara çıxır. Onun sözlərinə görə, bu film əvvəlki filmləri ilə müqayisədə izlənmə rekordları vurur.



Kırmızıgül Azərbaycanda Hacı Zeynalabdin Tağıyev haqda da film çəkməyi arzuladığını deyib. Tağıyev kimi bir şəxsiyyətdən, 20-ci əsrin əvvəllərində onun gördüyü xeyriyyəçilik işlərindən çox təsirləndiyini söyləyib.

Müğənnilik karyerası barədə verilən suallara birmənalı cavab verib. O, müğənnilik karyerasının artıq sona çatdığını və bir daha o sahəyə qayıtmayacağını vurğulayıb.

Xatırladaq ki, müğənnilik karyerasını başa vuran, özünü rejissor kimi sınayaraq bir neçə uğurlu layihələrə imza atan Mahsun Kırmızıgül yeni "Mucize" filminin çəkilişlərini İzmir, Uşak, Qars və Kağızmanda həyata keçirib və burada 60-cı illəri işıqlandırıb.

Filmdə kasıblığın hökm sürdüyü illərdə oxumağı gözləyən yüz minlərlə uşağın və müəllimlərin hekayəsindən bəhs edilir.

Filmdə Əli Sürməli, Talat Bulut,  Mert Turak,  Mahsun Kırmızıgül,  Erdem Yener və  Büşra Pekin rol alıblar. 

Benzer Haberler