Prezidentdən məmurlara xəbərdarlıq: “Bir nəfər də olsun toxunulmaz adam yoxdur” - Foto+Video

27 Ocak 2016 Çarşamba 09:00

Prezident İlham Əliyev yanvarın 26-da nazirlərin və iş adamlarının iştirakı ilə keçirdiyi konfransda növbəti dəfə məmurlara xəbərdarlıq edib.

Modern.az saytı xəbər verir ki, ölkə başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirib, dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğulayıb. 

“Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir”, - deyən dövlət başçısı məmurların xalqla bir yerdə olmağının vacibliyini vurğulayıb.

"Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər". 

Prezident məmurlara xidməti maşın kimi Naxçıvanda istehsal edilən "Naz Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb. O, məmurlara bu avtomobilləri daha çox almalarını tövsiyə edib. "Belə olacağı təqdirdə həm yerli istehsal artacaq, həm də xaricə valyuta axmayacaq",-deyə ölkə başçısı bildirib. 

Benzer Haberler