Qarabağ erməniləri mühacirət etməyə yollar AXTARIR

05 Nisan 2022 Salı 14:00

“Son vaxtlar Qarabağda yaşayan mülki ermənilər ümidsizliyə düçar olub. Erməni sakinlər arasında mühacirət əhval-ruhiyyəsi artıb, insanlar başa düşdülər ki, Ermənistan artıq onların təhlükəsizliyinin qarantı deyil. Bu səbəbdən də mülki şəxslər oradan çıxıb getməyin yolları haqqında düşünürlər”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin xüsusilə Xocalının Fərrux kəndi ətrafındakı ərazilərdə və bəzi yüksəkliklərdə möhkəmlənməsindən sonra mülki ermənilər pessimizmə yuvarlanıb.

“Onlar artıq tədricən əmin olmağa başlayıblar ki, vəziyyət daha əvvəlki kimi olmayacaq, əksinə, getdikcə pisləşəcək. Bir tərəfdən Rusiya sülhməramlıları hələ də azərbaycanlıları Fərrux ətrafından əvvəlki mövqelərə qaytara bilməyib, digər tərəfdən də onlar (Azərbaycan Ordusunun bölmələri-red.) müxtəlif istiqamətlərdə yavaş-yavaş irəliləyir və hətta yeni mövqelər tutur. “Artsax xalqı” ümidsizliyə düçar olur, artıq başa düşürlər ki, Ermənistan hökuməti tərdicən onları unudur. Nikol Paşinyanın hər çıxışından sonra əhval-ruhiyyə daha da pisləşir”,-deyə “Hraparak” Qarabağ erməniləri arasındakı hazırkı vəziyyəti bədbin fonda təsvir edib.

Eyni zamanda qeyd olunur ki, bir müddət əvvəl Xankəndidə yaranmış qaz problemindən sonra mülki şəxslər bir daha əmin oldular ki, bundan sonra Azərbaycan dövlətindən asılılıqları getdikcə güclənəcək.

Qəzetin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin son iclasındakı çıxışından sonra Qarabağdan mühacirət etmək istəyənlər xeyli çoxalıb.

“Hraparak” qeyd edir ki, Qarabağdakı separatçı rejimlə rəsmi İrəvanın maraqları da gündən-günə bir-birindən uzaqlaşır. Ermənistan hökumətinin nümayəndələri son vaxtlar Qarabağa gəlib-getməyi yaddan çıxarıblar.

“Arayik Arutunyan da anlayır ki, həm xaricdə, həm də daxildə çətin sınaqlarla üz-üzə qalıblar”,-deyə məqalədə vurğulanıb. Qeyd olunur ki, separatçıların başçısı Qarabağın ermənilərdən boşalmaması üçün idarəetmə və vəsaitlərinin xərclənməsi prioritetlərini dəyişməlidirlər.

Qəzet yazır ki, əgər ötən il Ermənistandan xeyli qaçqın Qarabağa qaytarılmışdısa, bu il prosesi bərpa etmək mümkün olmayıb. Qarabağdan köçüb gedənlər geri qayıtmağa maraq göstərmirlər. Qarabağdakılar isə çıxıb getməyə meyilləniblər…

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bir müddət öncə yaydığı məlumata görə, Ordumuzun bölmələri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə və bu yaşayış məntəqəsi ətrafındakı yüksəkliyə nəzarət etməyə başlayıb.

Qeyri rəsmi məlumatlara görə, martın 24-dən sonra nəzarət altına alınan və hazırda mövqelərimiz yerləşən yükəskliklər Fərrux (1145 metr) və Daşbaşıdır (1050 metr). Bundan başqa, hündürlüyü 913 metr olan Yeddixırman yüksəkliyi də Ordumuz tərəfindən müşahidə altına alınıb.

Nəticədə həm də Xocalı rayonunun Pirlər və Xanabad kəndilərinin Azərbaycan Silahlı Qüvvələrinin müşahadisi altına düşdüyü bildirilir. 

Azərbaycan Ordusu Yeddixırman və Fərrux dağlarının ətəyində yerləşən Xaçınçay su anbarının da bir hissəsinə nəzarəti ələ alıb.

Benzer Haberler