“Azərbaycan hər zaman Birləşmiş Ştatların vacib tərəfdaşı olub və bu gün də belədir”.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ADA Universitetində "ABŞ-ın xarici siyasəti və ABŞ-Azərbaycan əlaqələri” mövzusunda məruzəsi zamanı deyib. O bildirib ki, bu gün iki ölkə arasında əlaqələrin əsas tərəfini məhz azadlıq, bərabərlik və demokratiya ilə bağlı ortaq dəyərlər təşkil edir:
“Bəziləri Azərbaycanın “çətin qonşuluq” məkanında yerləşdiyini qeyd edirlər, lakin bu qonşuluq Avrasiyanın kəsişməsidir. Mən bu yerləşməyə bir imkan kimi baxmağa üstünlük verirəm: təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, demokratiya və insan haqları kimi həlledici və bərabər səviyyədə əhəmiyyətli sahələrdə əməkdaşlıq imkanı kimi.
Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq təhlükəsizliyə öz töhfəsini verən bir tərəfdaş kimi tanıyıb. 2001-ci ilin 11 sentyabr hücumlarından sonra prezident Heydər Əliyevin öz kömək əlini uzatmasını və terrorizmə qarşı mübarizədə ölkəsinin sıx əməkdaşlığını təklif etməsini amerikalılar xatırlayırlar. Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə bu əhəmiyyətli və yüksək qiymətləndirilən əməkdaşlıq indi də davam edir.
Bundan əlavə, ABŞ və Azərbaycan silahlı qüvvələri Əfqanıstan, İraq və Kosovada birlikdə xidmət göstəriblər. Azərbaycanın hava məkanından keçməklə Əfqanıstana minlərlə uçuş həyata keçirilib və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək məqsədilə Bakıdan minlərlə yük konteyneri yola salınıb. Bütün bunlarla bərabər, təhlükəsizlik sahəsində - sərhəd təhlükəsizliyinin gücləndirilməsində, nüvə silahının yayılmasının qarşısının alınmasında və insan alverinə qarşı mübarizədə böyük fayda verəcək hələ çox işlər görülə bilər”.
R. Sekuta bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanı güclü, çiçəklənən, sabit və demokratik ölkə kimi görmək istəyir. Onun sözlərinə görə, bu, hər zaman iki ölkənin diplomatik əlaqələrinin hədəfi olub və gələcəkdə də davam edəcək./apa/