Ukraynadakı azərbaycanlı jurnalistlər: “Buça şəhərində dəhşət gördük” - Foto

08 Nisan 2022 Cuma 12:00

8 aprel tarixi Ukraynada qanlı müharibənin 44-cü günüdür. Rusiya qoşunları dayanmır, Kiyev və Çerniqov vilayətlərindən geri çəkilsə də, digər istiqamətlərdə hücumları davam etdirir. Nəticədə şəhərlər, kəndlər dağılır, hərbçilərlə yanaşı, dinc insanlar – uşaqlar, qadınlar, qocalar ölür…

Ukraynadakı müharibəni xeyli azərbaycanlı jurnalist də izləyir, hadisə yerindən canlı reportajlar təqdim edir.

“Ukraynada tam 10 gün işlədim və 10 material hazırladım, bunlar da məqalə, fotosessiyalar və kiçik videomüsahibələrdi”.

Modern.az xəbər verir ki, bunu Ukraynadan yenicə qayıdan müstəqil jurnalist Seymur Kazımov bildirib.

“Bakıdan yola düşəndə plan qurmuşdum ki, ən sakit bölgədən tutmuş, ən gərgin bölgələrdən birinədək gedim... Bu plan da reallaşdı. Ölkə üzrə olmasa da, müəyyən ərazilər üzrə vəziyyət stabilləşdikdən sonra qayıtmağı düşündüm. Bu, səbəblərdən biridir. Digər səbəblər isə ailə, onlayn media proqramların birində koordinator olmağım, münaqişələrlə bağlı həmmüəllifi olduğum bələdçi kitabının çapının yekunlaşması, başqa media layihəsinə başlanma istiqamətindəki işlərin hazırlığı idi. Hesab edirəm ki, yetərli səbəblərdir. Yoxsa, daha çox qala bilərdim. Buna hər cür imkanım da var idi”, - S.Kazımov deyib.


Jurnalist bildirib ki, Ukraynaya öz vəsaiti hesabına gedib:

“İllərdir çalışdığım, şəxsən tanıdığım beynəlxalq təşkilatlara müraciət etsəm də, mənfi cavab aldım. Yalnız 1 nəfər ictimai fəal dostumuz maddi yardım təklif etdi, həm də təmənnasız. Söz vermişdim ki, Ukraynada maddi vəziyyətim gərginləşsə, müraciət edəcəyəm - çox şükür, o ölkədəki soydaşlarımız bizə korluq çəkdirmədilər. 2-3 nəfər isə təklif etdi ki, "Facebook"da çağırış edib vəsait toplayaq, buna da mən razı olmadım”.


S.Kazımov ondan müsahibə istəyən həmkarlarına təşəkkür edərək bildirib ki, Ukrayna mövzusunda nə lazımdırsa, artıq yetərincə yazıb və danışıb:

“Hazırda Ukraynda bir neçə həmkarımız olmalıdır. Xahiş edirəm, onlara müraciət edin, onları da dinləyin, yalnız mənim danışmağım, nələrisə bölüşməyim orada çalışmış və çalışan həmkarlarım üçün böyük haqsızlıqdır. Bu, mənim şəxsi dəyərləndirməmdir. Mənim fikirlərim tirajlanıb, odur ki, daha fərqli fikirlərə ehtiyac var”.


Jurnalist deyib ki, Ukraynaya yenidən gedəsi olsa, o halda yenidən müsahibələr verə bilər:

“Yenidən getmək şansım isə 50-50-dir”.
 

Bəs hazırda Ukraynada çalışan azərbaycanlı jurnalistlərdən daha kimlər var?


 

Modern.az-a məlum olub ki, hazırda Ukraynadakı müharibə bölgəsində çalışan azərbaycanlı jurnalistlərdən biri müstəqil fotojurnalist kimi Real Televiziyası ilə əməkdaşlıq edən Famil Mahmudbəylidir. F.Mahmudbəylinin ən son fotoreportajı Rusiya qoşunlarının dəhşətli qətliam törətdiyi Kiyev vilayətinin Buça şəhərindən olub.


Famil Buçadan çəkdiyi türkürpədici şəkilləri aşağıdakı şərhlə yayımlayıb:


“Buçada öldürülmüş sadə vətəndaşlar… Rusiya-Ukrayna müharibəsi zamanı ən çox ziyan dəyən şəhərlərdən biri də Ukraynanın Buça şəhəridir”.


Digər jurnalistlər kimi AZƏRTAC-ın Ukrayna bürosunun rəhbəri Emil Hüseynovun adını qeyd etmək olar. O, hər gün çalışdığı media orqanında Ukraynadakı son vəziyyətlə bağlı reportaj təqdim edir.

 

E.Hüseynli bildirib ki, o ən son dəhşətli dağıntılara məruz qalan ərazilərdən birində - Kiyev vilayətinin İrpen şəhərində olub. Hazırda şəhərin dağıntılarının təmizlənməsi prosesi aparılır.


AzTV-nin əməkdaşı Amal Alışarlının da adını Ukraynanın qaynar nöqtələrindən reportajlar yayımlayan KİV nümayəndələri sırasında qeyd etməliyik. Amal hər gün AzTV-nin axşam “Xəbərlər”inə canlı qoşularaq, Ukraynadakı ən son vəziyyəti tamaşaçıların diqqətinə çatdırır.

Yeri gəlmişkən, Amal Alışarlı bu yaxınlarda 38 yaşını müharibə bölgəsində qarşılayıb:

"Bu yaş tarixi savaşa canlı şahidlik edir. Gözü, qulağı, hissi, həyəcanı, vahiməsi və heyrəti ilə.. üstəlik də xəbər məsuliyəti ilə!", - deyə AzTV-nin əməkdaşı ad günündən bəhs edərkən bildirib.


Ukraynadan mütəmadi reportajlar təqdim edən azərbaycanlı jurnalistlərdən biri də Baku TV və “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovdur.

Mübarizin ən son reportajı Ukraynanın azad edilən ərazilərində vurulmuş Rusiya hərbi texnikasının videogörüntülərinin təqdimatından ibarət olub.
 

Bu sırada Odessadakı “Birlik” diaspor təşkilatının sədr müavini Anar Natiqoğlunun da adını qeyd etmək lazımdır. Anarın əsas işi diaspor fəaliyyəti olsa da, o həm də “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi Ukrayna Silahlı Qüvvələri tərəfindən akreditasiya olunub.

A.Natiqoğlu Ukraynada müharibə bölgəsindən təxliyə olunan azərbaycanlılara yaxından kömək göstərilməsində fəal iştirakı ilə diqqət çəkir.

"Təkcə təxliyə ilə yox, biz hazırda digər humanitar fəaliyyətlə də məşğul oluruq. Hər gün həm Ukrayna Ordusuna, həm də xalqına yönəlik ərzaq-yemək dəstəyi təşkil edirik", - deyə A.Natiqoğlu bildirib.


Hazırda Ukraynada fəaliyyət göstərən azərbaycanlı jurnalistlər sırasında “Meydan” TV-nin əməkdaşı Orxan Məmməd və “Turan” İnformasiya Agentliyinin müxbiri Əziz Elxanoğlu da var.

“Hamımız son günlərdə adını dəhşətli xəbərlərdən eşitmişik. Dağıdılmış şəhər, ağır döyüşlər, müharibə cinayətləri… Amma şəhərdə gülüş də var. Bu qadınların evi rus qoşunları tərəfindən vurulub, evinin qarşısında küçə döyüşləri olub, tanklar məhv edilib. Amma, onlar sadəcə bizi qucaqlayıb, isti qarşılayıb, ümidlə gülümsəyirdilər. Dedilər ki, görmürsən, biz qalib gəlirik?!” – Bu fikirləri Buçadan yayımladığı reportajda  “Meydan” TV-nin əməkdaşı Orxan Məmməd yazıb.

“Turan”ın müxbiri Əziz Elxanoğlu isə Ukraynadakı vəziyyətdən danışarkən deyib:

“Mən dünən Kiyevə gəlmişəm. Dünən Buça və İrpenə getdik. Qostomel hava limanına gedəndə, orada çəkilişə icazə vermədilər. Dedilər ki, ərazidə çoxlu sayda meyitlər var, minaaxtaranlar meyitləri toplamaqla məşğul idi. Meyitlərin altlarına mina qoyulub-qoyulmadığını yoxlayırdılar. İndi yenidən Buça şəhərinə gedirik. Oradan digər yaxın ərazilərə getmək istəyirik. Çünki həmin ərazilərdən Belarus qoşunları çıxandan sonra deyilənlərə görə, orada xırda kəndlərdəki mülki insanları öldürüblər. Biz dünən İrpen və Buçadan sonra trassla gedəndə meşədə, yolun kənarında Rusiya qoşunlarının vurulmuş tanklarını və mülki insanların vurulmuş avtomobillərini görürdük. Belə görünürdü ki, Rusiya qoşunları ərazidən çıxarkən mülki insanları öldürüb”.

Jurnalist Qarabağ müharibəsi ilə Ukrayna müharibəsinin fərqini belə izah edib:

"Fərq odur ki, Qarabağ müharibəsində bombaların hara atıldığını təxmin etmək olurdu. Ukrayna müharibəsində isə bombalar göydən yağış kimi yağır. Hara düşəcəyi bəlli deyil".

Benzer Haberler