Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev sənət adamlarına qiymət verdikləri üçün bəzi yüksək vəzifəli dövlət məmurlarına minnətdarlıq edib.
Modern.az saytının məlumatına görə, aktyor onları nümunə göstərərək sənətkarlara hörmət etməyənlərə də sözünü çatdırıb:
“Hesab edirəm ki, bir xalq artisti kimi müşahidə qabiliyyətim o qədər də zəif deyil. Məsələn, biz sənət adamları dövlət tədbirlərində, dövlət adamları ilə tez-tez rastlaşırıq, görüşürük. Onu da deyim ki, onlardan eləsi var adamı görəndə elə bil ki, ən əziz, yaxın qohumunu görür, salamlaşır, hal-əhval tutur, hələ adamı qucaqlayıb öpənləri də olur. Elə biri spikerin müavini, sənətə və sənət adamlarına sonsuz hörməti-izzəti hiss olunan Ziyafət müəllim (Ziyafət Əsgərov-red.).
Sonra Mədəniyyət və Turizm nazirinin müavini dostumuz Ədalət Vəliyev, Dini Komitənin sədri Mübariz Qurbanlı, yazıçı-dramaturq, deputat Hüseynbala Mirələmov, SSRİ xalq artisti Zeynəb Xanlarova, şeyximiz Allahşükür Paşazadə, o boyda ağsaqqalımız deputat Fəttah müəllim (Fəttah Heydərov-red.) və başqaları adamla kişi kimi el verib, kişi kimi də görüşürlər.
Lakin bəzi səbatsız, şair Qabilin “Səhv düşəndə yerimiz” şerinin qəhrəmanları kimi yazıqlarsa bilmirlər ki, xalqının sənətkarlarına saymazlıq göstərib tanımamaq ən azından tərbiyəsizlikdir”.