Siyasi fəal və hüquq müdafiəçisi Simin Səbri Amerikanın Səsinə müsahibədə deyir ki, İranda qadınlara stadiona giriş haqqı tələb etmək matç izləmək məsələsi deyil, bərabər vətəndaşlıq hüquqları məsələsidir.
Təqribən 2 həftə əvvəl İranın polis qüvvələri Məşhəd şəhərində İran və Livan milli komandaları arasında keçirilən futbol oyunu üçün bilet almış çox sayda qadının stadiona girişinə mane olub. Sosial şəbəkələrdə yayılan video-görüntülərinə istinadən, xüsusi təyinatlı qüvvələr stadiona girməyi gözləyən qadınlara bibər qazı və gözyaşardıcı qazla hücum edib.
İslam Respublikasında qadınlar ilk dəfə 2019-cu ilin oktyabr ayında FIFA-nın basqıları nəticəsində matç izləmək üçün bilet alaraq stadiona daxil ola bilib. FIFA Məşhəddə baş verən hadisələrdən sonra İrandan açıqlama istəyib. İran rəsmiləri hadisənin nəzarətsiz bir şəkildə baş verdiyini irəli sürürlər.
Simin Səbrinin dediklərinə görə, bu, birinci dəfə deyil ki, İran beynəlxalq öhdəliklərini yerinə yetirmir.
“İran hər zaman imzaladığı beynəlxalq konvensiyaları pozur və bu konvensiyaların tam ziddi olan qanunlar keçirir. Məsələn Uşaq hüquqları Konvensiyasını imzalayıb, amma uşaq evliliyini təşviq edir”- deyə, o bildirib.
Səbri stadiona giriş icazəsinin matç izləmək məsələsi olmadığını, bunun bərabər vətəndaşlıq hüquqları baxımından önəmli olduğunu vurğulayır:
“Burada məsələ sadəcə gedib bir yerdə bir oyun izləmək məsələsi deyil. Bu, vətəndaşlıq haqları məsələsidir. Bu stadionların düzəlməsində, qorunmasında və ya oyunların təşkilində qadınların verdiyi vergilərdən də istifadə olunur. Qadınların əhalinin yarısı olaraq haqları var. Stadion ümumi bir yerdir, xüsusi deyil. Yəni cinsindən, dinindən və sinfindən asılı olmayaraq, dövlətin haqqı yoxdur ki, kimisə ayrı-seçkiliyə məruz qoysun, bir qismin girişinə icazə versin və bir qismə icazə verməsin. Yəni mahiyyət olaraq, bizim üçün önəmlidir ki, bütün vətəndaşlar qanun qarşısında eyni görünsünlər.”
Simin Səbrinin dediklərinə görə, əsas olan bərabər vətəndaşlıq hüquqlarıdır. Müxtəlif insanların hansı hüquqlara üstünlük verməsi başqa bir məsələdir.
“Ola bilər ki, bir qadına stadiona girmək haqqı prioritet ola, bir qadına da küçədə sərbəst şəkildə çərx (velosiped) sürə bilmək və ya başqa qadına çadrasını açmaq prioritet ola bilər, o biri qadına da ana dili hüququ. Bunlar ayrı-ayrı məsələlərdir. Əsas olan bərabər vətəndaşlıq hüquqlarıdır,” o əlavə edir.
Səbri İranda qadınların stadiona giriş yasağına etirazların təşkilində Traktor klubu tərəfdarlarının roluna işarə edərək deyir ki, “çox qürurla hər zaman sevə-sevə təqib etmişəm ki, Traktor tərəfdarları bunu hər zaman gür səsləndiriblər.”