İranın ABŞ-dan İslam İnqilabı Qvardiyasını (Sepah) Xarici Terror Təşkilatları siyahısından çıxarmasını tələb etməsi İranla nüvə sazişinin yekunlaşması önündə ciddi bir maneəyə çevrilib.

Amerikanın Səsinə danışan siyasi fəal Mahmud Bilgin Qərb tərəfində ciddi bir dönüş yaranmadığı təqdirdə Sepahın sanksiya siyahısından götürülmə ehtimalının çox zəif olduğunu ifadə edir.

“Sepah sadəcə bir hərbi qurum və ya qüvvə deyil. Sepah deyəndə, İranın iqtisadiyyatını əlində tutan bir qüvvədən söz gedir. Sepah əlavə olaraq ali rəhbərə bağlı cürbəcür fondlarda aparıcı rol oynayır. Yəni, Sepahın sanksiyada olması, bunların hamısının sanksiya altında olması deməkdir,” Bilgin söyləyir.

O, Sepahın terror təşkilatları siyahısından çıxarılmasının İran hakimiyyəti üçün həyati əhəmiyyət daşıdığını önə çəkir:

“İran rejiminin nəfəs alması üçün Sepah sanksiyalar siyahısından çıxarılmalıdır. Buna görə, Qərbdə ciddi bir dönüş olmasa, ehtimalı azdır ki, Sepah üzərində sanksiyalar götürülsün. Bu da Rusiyanın savaşından asılıdır. Əgər bu savaş çox uzun sürsə və Qərb enerji məsələsini həll edə bilməsə, mümkündür ki, böyük bir güzəştə gedib və Sepahı siyahıdan çıxarmağı qəbul etsin.”

 

Bilgin deyir ki, danışıqların nəticəsindən asılı olmayaraq, “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələr sazişli və ya sazişsiz gələcəyə hazırlanmaq üçün siyasi alternativ olma yönündə addım atmalıdırlar.

“Müzakirələrin nəticəsi nə olursa olsun, Güney Azərbaycan Milli Hərəkatı siyasiləşmə yolunda addım atmalıdır. Bu yolda vahid bir şüar, yəni “azadlıq, ədalət, milli hökumət” şüarı əsas tutulmalıdır. Bizim hərəkat Güney Azərbaycanda aparıcı gücdür. Amma hərəkat artıq iqtisadiyyat, işsizlik və əhalinin başında olan digər bəlalar fonunda rejimə meydan oxumağı bacarmalıdır. Əlbəttə, bu xüsusda milli hərəkatımızın qüvvələri arasında söhbətlər gedir,” deyə siyasi fəalın qeyd edir.

“Biz hərəkat olaraq rejimə qarşı bir alternativ ortaya qoya bilməsək və millətimiz, gələcəyi üçün bizim milli hərəkat və onun qüvvələrinə ümid bağlamasa, bizim işimiz asan olmayacaq. Keçən il gözəl bir təcrübə oldu. Basqı və əzilməyə məruz qalan ərəb millətinə Təbrizdə dəstək aksiyaları oldu. Bu göstərdi ki, Azərbaycanda siyasiləşmə yönündə böyük bir potensial vardır. İndi onun davamında, biz millətin iqtisadi problemlərini [gündəmə gətirməliyik]. Rejimin içində iqtisadi və inzibatı korrupsia o qədərdir ki, saziş olsa belə, rejim bu iqtisadiyyat məsələsini həll edə bilməyəcək,” Mahmud Bilgin əlavə edir.