Bu günlərdə Niderlandın Limburq əyalətində 140.000 tirajla çap olunan “Limburgs Dagblad ” və “Dagblad de Limburger” adlı iki yerli qəzetlərində Azərbaycan haqqında möhtəşəm məqalə çap olunub.

Bu barədə məqalənin ərsəyə gəlməsində əziyyəti olan, Hollandiyada fəaliyyət göstərən, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin sədri İradə Uluxanlı bildirib.

“Niderlandın Limburq əyalətinin tanınmış jurnalisti Rob Cobben “Limburgs Dagblad ” və “Dagblad de Limburger” qəzetlərində “Bakı gündən-günə çiçəklənir və göz qamaşdırır” başlıqlı məqalə ilə çıxış edib.

Xatırladım ki, biz keçən ay Azərbaycan Kikboksinq Federasiyasının və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş beynəlxalq idman tədbirində iştirak etmək üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin dəvəti ilə gəlmişdik.

Bu səfərdə cənab Rob Azərbaycana ilk dəfə gəlirdi və ölkəmizdə gedən quruculuq, abadlıq işlərini öz gözləri ilə görürdü və ölkəmiz haqqında əyani təsəvvürləri formalaşırdı. Nəticədə ölkəmizlə bağlı belə möhtəşəm məqalə ərsəyə gəldi. Məqalə 1,2 mln əhalisi olan əyalətdə böyük maraqla qarşılanıb və Limburq insanı ölkəmizlə yaxından maraqlanmağa başlayıblar”,-deyə təşkilat sədri bildirdi.

İ.Uluxanlı məqalədə sivil idarəetmə quruluşuna malik dövlətimizin qədim tarixi, təbiəti, milli mədəniyyəti, xalqımızın zəngin həyat tərzi, xüsusilə qonaqpərvərliyə malik olmasından bəhs olunduğunu çatdırdı: “Məqalədə həmçinin dövlətimizin zəngin təbii sərvətlərə malik olması və bu sərvətlərin respublikanın inkişafına sərf olunmasından söhbət açılır.

Məqalədə diqqəti cəlb edən məqamlardan biri də odur ki, xarici jurnalist şəhərdə sayı hesabı bilinməyən gözəl memarlıq abidələrini xarici memarlara nümunə gətirərək, onları Bakıya səfər etmələrini məsləhət görür. Onu da qeyd edək ki, xarici jurnalist bütün bu faktları öz şəxsi müşahidələri əsasında məqalədə əks etdirib. Respublikamızda aparılan islahatların yüksələn xətlə həyata keçirildiyini vurğulayan jurnalist öz təəccübünü də gizlətməyib.

Məqalədə Azərbaycan-Hollandiya dostluq qrupunun sədri, millər vəkili Adil Əliyev fikirlərinə yer ayrılıb. Millət vəkili ölkənin böyük sürətlə inkişaf etdiyini və bu islahatların hər bir sahədə aparıldığını qonağın diqqətinə çatdırıb”.

Elnur Eltürk