Bu ilin əvvəlində ölkə ərazisində baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb. 

ANS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib. Bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur.

Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Bu dövr ərzində baş verən fövqəladə hallar zamanı nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.

Hesabatda həmçinin bildirilir ki, ilin I rübü ərzində 2064 yanğın hadisəsilə bağlı məlumatlar daxil olub. Hadisələrin 596-sı çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 1000-i açıq sahələrdə, 74-ü nəqliyyat vasitələrində, qalanları isə digər tipli yanğınlardır.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur.

Nazirliyin hesabatında həmçinin 2014-cü ilin I rübü ərzində respublika ərazisində 16 partlayış hadisəsinin olduğu qeyd edilir. Partlayışlar zamanı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33% çoxdur.