Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə bu günə təyin edilən məhkəmə baxışı təxirə salınıb. ANS-in məlumatına görə, buna səbəb vəkil Fazil Neymətovun teleqramı olub. 

Vəkil hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəməyə göndərdiyi teleqramda Xətai rayon məhkəməsində başqa bir prosesdə iştirak etdiyi üçün sabiq deputatın məhkəməsində iştirak edə bilməyəcəyini deyib. Buna görədə, o məhkəmə apellyasiya baxışının vaxtının dəyişdirilməsini istəyib. 

G.Əhmədova da vəkili iştirak etmədiyi üçün prosesin təxirə salınması haqqında vəsatət qaldırıb. Məhkəmə Kollegiyası vəsatəti nəzərə alaraq prosesi aprelin 25-i saat 15:00-a təyin edib. 

Qeyd edək ki, ötən həftə keçirilən ilkin baxış məhkəməsində Gülər ƏHmədova Elşad Abdullayevin psixoloji ekspertizadan keçirilməli olduğunu və onda depressiv manyakal sindromun əlamətləri olduğunu deyib. "Onun qardaşı Mahir Abdullayev, digər qardaşı, Mətanət İsgəndərli, Sevinc Babayevanın və Gülər Əhmədovanın öldürüləcəyi xəbərlərini yayması E.Abdullayevin depresiv sindromun olmasını göstərir. O adamın Facebook vasitəsilə iltizam verməsi buna bir daha sübutdur. Onun müsahibələrində məntiqi ardıcıllıq yoxdur. Bir tərəfdən ölkə rəhbərliyinə yalvarır, digər tərəfdən rəhbərliyini beynəlxalq məhkəməyə verəcəyini deyir. O, psixoloji ekspertizadan keçirilməlidir. Mən özüm bir psixoloq kimi bunları müşahidə edirəm və belə qənaətə gəlmişəm".

Dövlət ittihamçısı Abbasov Rəsul G.Əhmədovanın vəsatətlərinin əsassız olduğunu bildirib.

Daha sonra hakimlər müşavirə keçiriblər və ilkin baxışın qərarını açıqlayıblar. Bildirib ki, G.Əhmədovaya verilən həbs qətiimkan tədbirinin dəyişdirilməsi mümkün deyil. Amma vəsatət kimi qaldırılan şikayətçilərin, ekspertlərin və G.Əhmədovanın dirilməsi mümkündür.
Məhkəmə vəkillərin dünən qaldırdıqları bu vəsatətlər qəbul edilib.


Xatırladaq ki, ötən gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

G.Əhmədovanın vəkillər ümumilikdə 8 vəsatət qaldırıblar. Bunlar ekspert və müstəntiqin yenidən dindirilməsi. Sevins Babayeva ilə Tavad Şirinova arasında mesajların təhqiqi "Seva danış" videosunun yenidən təhqiqinin, Gülər Əhmədovanın yenidən ifadə verməsinin, Elşad Abdullayevin dindirilməsi haqda qərar verilməsi, Sevinc Bqabayevanın istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunması vəsatətlərini qaldırıblar. Dövlət ittihamçısı qaldırılan vəsatətləri əsassız sayıb.

Qeyd edək ki, aprelin 1-də keçirilən məhkəmə prosesində sabiq deputatın kassasiya şikayəti qismən təmin olunmuşdu. Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.