Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ və Avropa Birliyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni “soyqırımı” ilə bağlı bəyanatını müsbət qarşılayıb. 

ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki gündəlik mətbuat brifinqində Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı bəyanatına aid sualları da cavablandırıb. Ərdoğanın açıqlamasını məmnuniyyətlə qarşıladıqlarını, bunu tarixi və müsbət bir addım olaraq gördüklərini bildirən Psaki bunları qeyd edib:

"Baş nazir Ərdoğanın, ermənilərin 1915-ci ildə yaşadığı ağrıları ictimaiyyət qarşısında tarixi qəbulundan məmnuniyyət duyuruq. Bunun gerçəklərin tam, dürüst və ədalətli şəkildə qəbul edilə biləcəyi yönündə müsbət bir işarə olduğuna inanır, türklər və ermənilər arasındakı razılıq müddətini irəliyə aparacağını ümid edirik"  

Avropa Birliyi də Ərdoğanın 1915 hadisələri ilə bağlı bəyanatını məmnuniyyətlə qarşılayıb. Qurumun komissarı Stefan Füle Twitter mesajında belə deyib: ​​"Baş nazir Ərdoğanın Ermənilərlə bağlı açıqlamasını məmnuniyyətlə qarşılayıram. Sülh Avropa dəyəridir. Bu ruha uyğun addımların davam edəcəyini ümid edirəm ".  

Qeyd edək ki, Türkiyənin hökumət başçısı R.T.Ərdoğan qondarma erməni “soyqırımı”nın ildönümü ərəfəsində qalmaqallı bəyanatla çıxış edib. O 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı mesajı verib.