“Azərbaycan Prezidenti yanında Təhsil üzrə Dövlət Komissiyası tərəfindən müsbət rəy verilən ilk tələbələrin bir qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya, Belçika, İspaniya və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər”. 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Məlumatda qeyd edilir ki, bu tələbələr arasında Harvard, Kembric, Lund, Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunanlar da var. 

Qeyd edək ki, 2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2612 nəfərdir. Xaricdə təhsil üzrə Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün sənəd qəbulu mayın 28-dən başlayıb və avqust 8-dək davam edəcək. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir.