Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşüblər. 

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, vasitəçilər faktiki olaraq Məmmədyarovla-Nalbandyanın görüşünü təşkil edə bilməyiblər. Məlumdur ki, uzun müddətdir Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın Parisdə görüşməsi təklif olunur.

İyulun 23-də yayılan xəbərdə qeyd edilir ki, həmsədrlərin xarici işlər nazirləri ilə ayrılıqda görüşü zamanı dövlət başçılarının görüşünün mümkünlüyü və iki prezidentin birbaşa əlaqəsinin vacibliyi də vurğulanıb. 

Digər məlumata görə, Brüsseldə hətta prezidentlərin Nyu-Yorkda, BMT Baş Assambleyasında görüşünün mümkünlüyü də müzakirə olunub. Bu səbəbdən qeyd edilir ki, əgər İlham Əliyevlə Serj Sərkisyanın Parisdə görüşməsi təşkil oluna bilməsə, ümid onların Nyu-Yorkda bir araya gəlməsinə qalır.