“Şəhidlər Xiyabanına müşahidə kameralarının quraşdırılması Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə ola bilər”.

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

Onun sözlərinə görə, Şəhidlər Xiyabanı əvvəlki kimi post-patrul polis xidməti tərəfindən mühafizə olunur. Mühafizə rejimi ilə bağlı heç bir dəyişiklik yoxdur. “Xiyaban gecə-gündüz qorunur. “20 yanvar” Cəmiyyəti və Səbail rayonunun Veteranlar Şurası Trestə müraciət edib. Xiyabandakı rüsvayçı hadisə onları çox narahat edib”.

Qeyd edək ki, bu yaxınlarda Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin məzarları üzərində təhqiramiz hərəkətlər edilib. Bakı ŞƏhər Prokurorluğu fakt üzrə cinayət işi açıb və hazırda təhqiqat gedir. 

Cəmiyyətdə böyük etiraz doğurmuş hadisədən sonra Şəhidlər Xiyabanının ciddi mühafizə olunması tələbləri səslənib. Lakin göründüyü qədər BŞİH bu yöndə tədbirlər görməyə tələsmir.