Güneyli fəal Məhəmməd Xətibi öz Facebook səhifəsində paylaşdığı yazılar üzündən İran İnqilab Məhkəməsinin Təbriz şöbəsi tərəfindən 6 ay müddətinə həbsə məhkum edilib.

İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRAZ veb səhifəsinin yazdığına görə, Hakim Həmlbər gənc fəalı “İran İslam Respublikasının müqəddəs nizamına qarşı və etnosentrist qrupların xeyrinə təbliğat” aparmaqda ittiham edib.

Məhəmməd Xətibinin məhkəmə hökmü
Məhəmməd Xətibinin məhkəmə hökmü

HRAZ saytı tərəfindən nəşr edilən məhkəmə sənədində belə yazılır:

Virtual fəzada (Facebook səhifəsi) nizama qarşı yazılar dərc edərək İran İslam Respublikasının müqəddəs nizamına qarşı və etnosentrist qrupların xeyrinə təbliğat fəaliyyəti aparmaqda ittiham edilən Rəsuloğlu Məhəmməd Rəhnimay Xətibinin məhkəməsi ilə bağlı Ettelaat idarəsinin hesabatı, müttəhimin Facebook səhifəsindən alınmış materiallar və müttəhim tərəfindən irəli sürülən əsassız müdafiə dəyərləndirildi və 6 ay həbs cəzası ilə məhkum edilməsinə qərar verildi.

Məhkəmə qərarını imzalayan Təbriz İnqilab Məhkəməsinin hakimi Rəhim Həmlbər ötən il Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan 9 iran rəsmisi arasında idi.

Məhəmməd Xətibi daha öncə də göstərdiyi müxtəlif fəaliyyətlər o cümlədən, türkcə jurnallarla əməkdaşlıq etdiyi üçün həbs və mühakiməyə məruz qalıb