Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.

Modern.az saytı xəbər verir ki, görüşdə O.Əsədov Azərbaycanın Rusiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Bildirib ki, siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlər inkişaf etməkdədir. 

”Azərbaycan ictimaiyyəti tarixən rus dilinə və mədəniyyətinə böyük hörmət və ehtiramla yanaşmışdır. Bu gün Azərbaycanda 335 orta məktəbdə rus dili tədris olunur, 27 universitetdə bu dildə tələbələr təhsil alırlar. Bununla yanaşı, Bakıda Slavyan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı müvəffəqiyyətlə fəaliyyət göstərir. Ölkədə rus dilində çoxlu sayda qəzet və jurnallar nəşr olunur. Ümumiyyətlə, humanitar və mədəni sahələrdəki əlaqələrimiz ürək açandır. 

İqtisadi sahədə də uğurlarımız vardır. Təkcə bir faktı göstərmək olar ki, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 600 milyon ABŞ dolları həcmində olmuşdur. Gələcəkdə biz bu göstəricini yüksəltmək niyyətindəyik. 

Sədr qeyd etdi ki, münasibətlərimizin dərinləşməsində parlamentlər mühüm rol oynayır. Təqdirəlayiq haldır ki,  qanunvericilik orqanları arasında Parlamentlərarası Komissiya fəaliyyət göstərir. Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda tez-tez görüşür və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar”. 

O.Əsədov dostluq qruplarının mövcudluğunu da yüksək dəyərləndirib. Qeyd edib ki, hər iki ölkə parlamentlərində təmsil olunmuş siyasi partiyalar arasında, o cümlədən Rusiya Liberal-Demokrat Partiyası ilə əlaqələrin genişlənməsi də ümumi məqsədlərə xidmət edərdi.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker problemin tezliklə aradan qaldırılması üçün Rusiya tərəfinin səylərini artıracağına inamını ifadə edib.

Görüşdə Vladimir Jirinovski Azərbaycana səfərinin əhəmiyyətini yüksək qiymətləndirərək, burada gördüklərindən və aparılan danışıqlardan məmnun qaldığını söyləyib. 

V.Jirinovski Azərbaycanda rusdilli məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətini təqdirəlayiq hesab edib. O, iqtisadi, turizm, təhsil, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib. 

Vladimir Jirinovski parlamentlərarası əlaqələrdən danışaraq, təmsil etdiyi partiya nümayəndələrinin də ölkəmizə böyük maraq göstərdiklərini deyib. Qeyd edib ki, gələcəkdə iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün heç bir maneə yoxdur. Azərbaycan həmişə etibarlı tərəfdaş olub.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin  və digər rəsmi şəxslər iştirak ediblər.

Grüşdən sonra Vladimir Jirinovskinin kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.  

Tədbirdə rusiyalı deputat ölkəmizə səfəri barədə mətbuat nümayəndələrinə ətraflı məlumat verib. “Azərbaycan Rusiyanın etibarlı tərəfdaşıdır. Bütün sahələrdə münasibətlərimizi daha da dərinləşdirmək və yaxşılaşdırmaq lazımdır”-deyə V.Jirinovski vildirib. 

Turizm, nəqliyyat, sənaye sahələrində əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirən V.Jirinovski deyib: “Azərbaycan Rusiyanın ərzaq məhsulları ilə təchizatını artıra, Rusiyadan isə başqa məhsullar ala bilər. Bu, hər iki tərəf üçün faydalı olacaq”. 

Parlamentlərarası əlaqələrin yaxşılaşdırılmasının əhəmiyyətindən danışan rusiyalı deputat vurğulayıb ki, başçılıq etdiyi Liberal Demokrat Partiyası qanunverici orqanların əlaqələrinin genişlənməsinə bundan sonra da dəstək göstərəcək. Ölkəmizdə rus dilinə qayğıkeş münasibət olduğunu qeyd edən V.Jirinovski deyib: “Azərbaycanda rusdilli məktəblər fəaliyyət göstərir, rus dili ali məktəblərdə tədris olunur”. 

RLDP-nin lideri vurğulayıb ki, müstəqil siyasət yürüdən Azərbaycan özünü təmin edən ölkədir. O deyib: “Bu, Heydər Əliyevin siyasəti, hazırda isə İlham Əliyevin rəhbərliyi sayəsində mümkün olub. Azərbaycanda mənfi münasibət doğuran heç nə yoxdur. Mən Rusiyaya dərin məmnunluq hissi, ən parlaq təəssüratlar ilə qayıdacağam. İndi biz Azərbaycanın nə demək olduğunu yaxşı bilirik”.

V.Jirinovski onu da əlavə edib ki, Bakıya səfəri zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə, Azərbaycanın və Rusiyanın daha da yaxınlaşması yollarına, bütün sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.