Sentyabrın 27-də Müsavat Partiyası uzun müddətdir müzakirə olunan qurultayını keçirib

Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilən qurultayda Müsavatın yeni başqanı da seçilib. Başqanlığa 4 namizəd vardı: Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy.

Partiyanın 8-ci qurultayında keçirilmiş səsvermə nəticəsində Müsavatın yeni başqanı məlum olub, bu Arif Hacılıdır.
Səsvermədə ümumilikdə 450 nəfər iştirak edib. 2 bülleten etibarsız sayılıb. 448 nəfərdən 228-nin səsini qazanan Arif Hacılı Müsavat Partiyasının yeni - 6-cı başqanı seçilib.

Qeyd edək ki, başqanlıq uğrunda mübarizədə Səxavət Əlisoy son anda namizədliyini geri götürüb. Digər namizədlərdən Qubad İbadoğlu 200 səs toplayıb, Tural Abbaslı yalnız 20 nəfərin etimadını qazanıb. 
 

Arif Hacılı 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1983-1988-ci illərdə Zaqatala rayon radiosunun redaktoru işləyib. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın istiqlalçı deputatlarından, Azərbaycan milli azadlıq hərəkatının öncüllərindən biridir. 

1992-1993-cü illərdə, Elçibəy hakimiyyəti dövründə Azərbaycan Respublikası Prezident Aparatında  Ərazi idarəetmə işləri üzrə dövlət müşaviri olub. Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında fəal iştirak edib, 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub. 
1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olub. Müxtəlif dövrlərdə Müsavat Partiyası başqanının təşkilati məsələlər üzrə müavini işləyib. 2000-ci ilin parlament seçkilərində Müsavat partiyasının, 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizəd İsa Qəmbərin seçki qərargahlarının rəhbəri olub.

2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür. 
2003-cü il prezident seçkilərindən sonra seçki saxtakarlığına qarşı etiraz aksiyalarının əsas təşkilatçısı kimi həbs edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib, 2005-ci ildə azadığa buraxılıb. 

Müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyalarının əsas təşkilatçısı kimi tutulan Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. 22 iyun 2012-ci ildə azadlığa buraxılıb.

Bu seçimə kimi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri idi./modern.az/