Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə oktyabr ayının ikinci ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4.9, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib.

Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də müşahidə olunub.

Mis birləşmələri və suyun oksigen rejimi bütün məntəqələrdə norma daxilində dəyişib.