Avropa Parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılacaq.

Bununla bağlı avropalı parlament üzvü Notis Marias təşəbbüs irəli sürüb: "Bu qrupun yaranması ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir və Avropa Parlamentinin Xəzər dənizinin sahilində yerləşən strateji ölkə ilə apardığı işinin genişlənməsinə töhfə verəcək."

Qrup qeyri-formal və tam açıq xarakter daşıyacaq. Qrupun ayda ən azı bir toplantı keçirməsi, həmçinin mütəmadi tədbir, konfrans, seminar və sərgilər təşkil etməsi planlaşdırılır. Bununla yanaşı, qrup üzvləri azərbaycanlı diplomatlar, siyasətçilər, QHT-lər və jurnalistlərlə yanaşı, Azərbaycanla maraqlanan Avropa İttifaqı rəsmiləri, siyasətçiləri və fəallarla görüşlər keçirəcəklər.

N.Matias rəsmi müraciətində bildirib ki, şimalla cənubun, şərqlə qərbin kəsişməsində yerləşən Azərbaycan Avropanın yaxın qonşuluğunda sabitliyin gələcəyi üçün müstəsna rol oynayır. Həm Rusiyaya, həm də İrana yaxın olan Azərbaycan Xəzər dənizindən şərqdə yerləşən ərazilərdən Avropaya malların və enerjinin daşınması üçün əsas keçid nöqtəsi ola bilər.

Xatırladaq ki, yaxın vaxtlarda qrup üzvlərinin siyahısı açıqlanacaq və ilk toplantı keçiriləcək./ans/