Oktyabrın 21-də İstanbulun “Çırağan” sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaranmasının beşinci ildönümü münasibətilə rəsmi mərasim keçirilib.

İstanbul vilayətinin valisi Vasip Şahinin, Türkiyədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və İstanbuldakı diplomatik korpus rəhbərlərinin, ölkə ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri mərasimi giriş sözü ilə açan TDƏŞ-in baş katibi Ramil Həsənov Azərbaycanda - Naxçıvan şəhərində təsis olunan təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

O, əminliklə qeyd edib ki, gələcəkdə TDƏŞ-in sıraları daha da genişlənəcək, təşkilat sülh və sabitlik, tərəqqi və inkişafa yönəlmiş əsas amalını daha böyük coğrafiyada reallığa çevirəcək. R.Həsənov diqqətə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq marağa xidmət edən beynəlxalq təşkilat olmaqla bərabər regiondakı bütün digər dövlətlər və təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa həmişə hazırdır.

Türkiyə xarici işlər nazirinin müavini Naci Koru Türkiyə ilə keçmiş SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən türkdilli dövlətlərin birgə əməkdaşlığı, eləcə də onlarla TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq sayəsində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib.

Nazir müavini bildirdi ki, dünyadakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllinə töhfələr vermək də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas hədəflərindəndir.

Mərasimdə təşkilatın baş katibliyi adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci baş katib Halil Akıncıya “Xatirə lövhəsi” hədiyyə olunub./azertac/