Gürcüstanın Ahıska mahalının Adgeni rayonunun Moxe kəndində təmir edilən məscid yerli müsəlman və xristianların qarşıdurmasına səbəb olub.

Əsasən Ahıska türkləri olan yerli müsəlmanlar kəndə etiraz edərək hazırda təmir edilən binaya məscid statusunun qaytarılmasını tələb ediblər. Hadisə zamanı polislə toqquşma baş verib. Polisin bildirdiyinə görə, aksiya iştirakçıları polis avtomobillərinə zərər vurublar. Hadisə zamanı 15-ə yaxın Ahıska türkü həbs edilib.

Hadisədən sonra Gürcüstan baş naziri İrakli Qaribaşvili xüsusi bəyanatla çıxış edib və bildirib ki, yerli xristianlar həmin məscidin pravoslav kilsəsinin xarabalıqları üzərində tikildiyini iddia edirlər. Həmin məscid sovet illərində bağlanaraq mədəniyyət evinə çevrilib. Baş nazir bildirib ki, münaqişədən qaçmaq üçün binanın bərpa edilərək kitabxanaya çevrilməsi qərara alınıb ki, hər iki dinin təmsilçiləri istifadə edə bilsinlər.

Bununla belə, baş nazir bildirib ki, kəndin müsəlman icmasının xahişi regionun müftisi tərəfindən ona çatdırılıb. Qaribaşvilinin sözlərinə görə, məsələ mübahisəli olduğuna görə, xüsusi dini məsələlər agentliyi tərəfindən baxılmalıdır, daha sonra hökumətə tövsiyyələr təqdim edilməlidir./ans/