"Rusiyanın Federal Gömrük Xidməti (RFGX) Ermənistanla qarşılıqlı ticarət əlaqələrinin yeni yollarını axtarır. Buna səbəb bu ölkənin Rusiyanın və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan digər ölkələrlə sərhəddinin olmamasıdır." 

Bunu RFGX-nin sədri Andrey Belyaninov deyib.

O, sanki Ermənistanı Rusiyanın ərazisi hesab edərək onun adından danışıb: "Biz gürcü həmkarlarımızla bir neçə dəfə bu barədə müzakirə aparmışıq. Sonuncu dəfə Türkiyənin Antalya şəhərində görüşdük. Üçtərəfli görüşdə türk mallarının Ermənistana çatdırılması üçün loqistik marşurutları nəzərdən keçirdik. Çünki biz erməniləri unuda bilmərik. Erməni həmkarlarımızla hər gün əlaqə yaradırıq. Sərhədlərimizin olmaması əlavə çətinliklər yaradır, bu məsələnin həllinə çalışacağıq."

Onun fikrincə, Ermənistana avtomobil daşınmaları Gürcüstan vasitəsilə həyata keçirilə bilər. Həmçinin Gürcüstanın Poti limanı vasitəsilə və hava nəqliyyatı ilə daşınmalar mümkündür.

A.Belyaninov Türkiyə, Gürcüstan və Azərbaycan nümayəndələri ilə bu ilin noyabrında Tiflisdə görüş keçiriləcəyini və tranzitlə bağlı problemlərin mütəxəssislər tərəfindən daha geniş müzakirə ediləcəyini vurğulayıb.

Təbii ki, RFGX sədri Andrey Belyaninovun bu cənfəşanlığını başa düşmək o qədər də çətin deyil. Bu, bir daha Ermənistanın mütəqil olmadığını, Rusiyanın həqiqi forpostu olduğunu göstərir. Göründüyü kimi, Ermənistanın taleyi ilə özləri yox, Rusiya maraqlanır və narahatlıq keçirir.

Çünki Ermənistanın Aİİ-yə qəbulu Rusiyanın təsiri ilə baş tutub və Rusiya bu ölkəyə çox-çox vədlər verib. Amma halva-halva deməklə ağız şirin olmur. İndi Rusiyanın özündə və Ermənistanda iqtisadi durum tamamilə çətinləşib, necə deyərlər, bıçaq sümüyə dirənib./ans/