“İpoteka kreditlərinin maksimum məbləği 50 min manatdır. Bakıda isə 50 min manata mənzil tapmaq mümkün deyil”. 

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib. O bildirib ki, ipoteka faizləri də nəzərə alınmalıdır:

“Onsuz da bu kreditlərin faizlərindən müvəkkil banklardan başqa heç kim xeyir götürmür. Bunun əvəzinə gənclər şəhərciyi tikmək daha optimal addım olar. Gənclər aylıq 160 manat ödəməklə 25 il ərzində həmin mənzilə sahib ola bilərlər. Gələcək dövlət büdcəsinə bunun layihə formasında əlavə olunması gənclərin ev problemini həll edə bilər. Çox aşağı ödənişlərlə vətəndaşlar ev sahibi ola bilərlər”.

Deputat onu da qeyd edib ki, Azərbaycanda əhalinin 80 faizi banklardan kredit götürüb: 
“Banklar isə fantastik faizlərlə əhaliyə kreditlər verirlər. Mərkəzi Bank banklara dövlətin pulunu 3 faizlə kredit verir, ancaq nədənsə banklar əhaliyə yüksək faizlə kreditlər verirlər. 24 faizlə inflyasiyanın yüksək olduğu Türkiyə də belə kreditlər verilmir. Banklar elə ilk aylardan ana borcu geri alırlar. Görün, indi faizlər nə qədər yüksəkdir”.

Deputat siyasi partiyalara ayrılan vəsaitin azlığından da gileylənib: “Siyasi partiyalara az pul ayrılır. Hətta KİVDF-yə, QHT-lərə dövlət büdcəsindən vəsaitlərin ayrılmasında artımlar nəzərdə tutulur, amma siyasi partiyalara yox. Halbuki siyasi partiyalar seçki proseslərində, dövlətin qurulmasında iştirak edirlər. Ona görə yaxşı olardı ki, Maliyyə Nazirliyi də siyasi partiyalara ayrılan vəsaitlərin artırılması məsələsinə diqqət yetirsin”.