Bu il dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rəyasət Heyətində Azərbaycan alimlərinin I Qurultayının təşkili və hazırlıq işlərinin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qurultayın əhəmiyyətindən, onun Azərbaycan elmi və ictimai həyatındakı yerindən danışıb.

O qeyd edib ki, Azərbaycan alimlərinin qarşısında dayanan bir sıra vəzifələri müzakirə edib müvafiq qərar qəbul etmək, elmimizi beynəlxalq tələblərə uyğunlaşdırmaq, milli vəzifə və prioritetləri müəyyənləşdirmək, həmçinin Azərbaycan alimlərinin koordinasiyasını təmin etmək baxımından qurultayın keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Müşavirə Azərbaycan alimlərinin I Qurultayına dair Tədbirlər Planının müzakirəsi ilə davam etdirilib. Planda nəzərdə tutulmuş təşkilati, texniki, logistik və digər məsələlər geniş şəkildə təhlil olunub və bunlarla bağlı müvafiq işlərin görülməsi qərara alınıb.

Müşavirədə qurultayın təşkili və keçirilməsindən irəli gələn zəruri tədbirlərin icra vəziyyəti qiymətləndirilib, həmçinin müzakirə zamanı meydana çıxan yeni fikirlərin də Tədbirlər planında öz əksini tapması vacib hesab edilib.