"1991-ci ilin 20 noyabr tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmiləri, millət vəkilləri və jurnalistlərin olduğu mülki helikopter vurulmuşdur".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev xatırladıb ki, mülki helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.

XİN rəsmisinin sözlərinə görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində mülki helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən olunub.

Hikmət Hacıyev qeyd edib: "Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın Azərbaycana qarşı terror əməlləri davam etdirilmiş, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilmiş, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilmişdir".

Onun sözlərinə görə, Ermənistan tərəfindən 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsinin törədilməsi ilə sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilib və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməyib:

"Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir. Bu ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gün də münaqişənin sülh yolu ilə həllinə dair hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir"./trend/