Naxçıvanda siyasi və sosial-iqtisadi sahələrdəki qadağaların ardınca artıq insanların gündəlik şəxsi həyatı və məişəti ilə bağlı yasaqlar tətbiq olunmağa başlayıb.
 
Muxtar respublikada bir-birini sevən gənc qızla oğlanın, hətta nişanlı gənclərin ictimai yerlərdə, küçədə, parkda bir yerdə gəzintiyə çıxması yasaqlanıb. Qadağa qeyri-rəsmi xarakter daşıyır.
 
Muxtar respublikadan gələn məlumatlarda deyilir ki, bir-birini sevən gənclər əl-ələ tutub küçədə gedərkən, hətta sadəcə yanaşı addımlayarkən dərhal polis tərəfindən saxlanır. Bu gənclər elə küçədəcə adətən təhqir edilib alçaldılır. Sonra isə onları polis şöbəsinə aparırlar. Orada gənclərdən nikahda olduqlarını, yaxud nişanlı, sevgili olduqlarını təsdiq edən sənəd tələb olunur. Halbuki bunun özü məntiqli deyil, çünki sevgili və ya nişanlı olmağı heç bir sənəd təsdiq etmir.
 
Bu qadağadan ən çox tələbələr əziyyət çəkir. Onlar bildiriblər ki, polisə aparılan gənclər bir qayda olaraq iri məbləğdə - 1000-1500 manat cərimələnirlər. Çoxu da dostlarının, qohumlarının yanında biabır olmamaq üçün həmin pulu ödəməyə məcbur olur. Bu pulu verə bilməyənlər isə bir neçə günlük inzibati həs cəzası alır.
 
Muxtar Respublikanın Daxili İşlər Nazirliyi isə səslənən bu ittihamları rədd edərək onları “kimlərinsə uydurması” adalndırıb./faktxeber/