“Eurovision 2008” Mahnı Müsabiqəsində Azərbaycanın ilk təmsilçisi olan Elnur Hüseynovun Türkiyədən səs-sorağı gəlməkdə davam edir. 

ANS-in məlumatına görə, dekabrın 1-də qardaş ölkədə keçirilən “O səs Türkiyə” yarışmasında çıxışı ilə hamını heyrətləndirən azərbaycanlı ifaçı ilə bağlı internetdə müsbət rəylər yazılsa da, bəziləri onun adından istifadə edərək saxta (“fake”) internet hesabları açdılar. 

Hazırda onun adına sosial şəbəkədə onlarla rəsmi olmayan akkauntlar mövcuddur. Hansının əsil, hansının saxta olduğu vaxt keçdikcə ortaya çıxır. Hazırda 7 minə yaxın izləyicisi olan və doğru olduğu güman edilən Elnurun adına açılmış “İnstagram” hesablarından birində mütəmadi olaraq ifaçının yeni fotoşəkilləri paylaşılır. 

Paylaşılan son fotoşəkillərdən birində Elnurun saç forması izləyicilərinin xoşuna gəlməyib və ondan saçını kəsdirməyi xahiş ediblər. 

Əksəriyyət bu cür saçı ona yaraşdırmasa da, onların içində ifaçıya çox yaraşdığını, seksual göründüyünü bildirən də olub.