Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov uğurlu çıxışını davam etdirib.  

Modern.az saytı xəbər verir ki, müsabiqənin "Birə bir" adlanan növbəti turunda Elnur Hüseynov  bu dəfə "Golden Eye" mahnısını oxuyub və Şermin adlı iştirakçıyla yarışıb.

Münsiflər heyətində əyləşən Ebru Gündeş bu dəfə də Elnur Hüseynovu seçərək, yarışmaya onunla davam edəcəyini bildirib. Beləliklə də Elnur növbəti mərhələdə iştirak hüququ qazanıb. 

Hətta tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

Ötən gecə "O səs Türkiyə"nin "Birə bir" mərhələsinin daha iki azərbaycanlı müğənni səhnəyə çıxıb. Həmyerlimiz Səmra Rəhimli səhnədə "Sweet dreams" mahnsını oxuyub. Komanda yoldaşı, türk ifaçısı  Zeynəblə səhnəyə çıxan həmyerlimiz uduzan tərəf olub. 
Lakin qaydalara əsasən uduzan ifaçı yenidən jürilərin seçimiylə yarışmada qalmaq şansı qazanır. Səmranı bu dəfə müğənnilər Gökhan, Ebru Gündeş öz komandasında görmək istəyib. O, yarışmaya Gökhanla davam etmək istədiyini deyib. Seçim anında S.Rəhimli "Sarı Gəlin" mahnısını da oxuyub.

Gökhanın yarışmaçısı olan həmyerlimiz Tamara Muradova da ötən gecə səhnəyə çıxıb. O, Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısını səsləndirib. Lakin azərbaycanlı müğənni yarışmanı tərk edib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsifləri tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar və Özkan cütlüyündən ibarətdir.