ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kanadada qonaq olduğu verilişlərin birində Rusiya prezidenti Vladimir Putini ələ salıb.  

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, aparıcının Klintondan  “2016-cı ildə Amerika prezidenti olmaq istəyirsinizmi” sualına Klinton “proses var, amma bu proses cənab Putində olan prosesdən fərqlidir”, - deyə cavab verib. Sonra isə Vladimir Putini yamsılamağa başlayıb.

“O, prezident olmazdan qabaq baş nazir idi. Və bir dəfə o, özü-özünə deyir:  

- Vladimir, necə fikirləşirsiniz, siz yenə prezident olmaq istəyərdinizmi?

- Düşünürəm ki, istəyərdim.

- Bəs niyə, sadəcə, bu haqda elan verməyək?

- Dmitriyə də deyərik ki, o, baş nazir ola bilər.

- Əla, əla ideyadır. Axı, bizdə seçim prosesi mövcuddur".

Hillari Klinton 2 müxtəlif səslə Putinin öz-özüylə danışmasını təsvir edib.

Xatırladaq ki, Hillari Klintonla Vladimir Putinin qarşılıqlı antipatiyası mətbuata çoxdan məlumdur. 2014-cü ilin aprelində Klinton Putinin davranışlarını ibtidai məktəb uşaqlarının davranışı ilə müqayisə etmişdi. Həmin ilin iyulunda isə fransalı jurnalistlərə müsahibə verən Putin Klintonu “öz şərhlərində “heç də həmişə nəzakətli olmayan” siyasətçi kimi xarakterizə etmişdi.