Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyanın Azərbaycana silah satmasına görə narahatlığını etiraf etməsi bir neçə gündür ki, əsas müzakirə mövzularından birinə çevrilib.

Rusiya və Ermənistanın analitik portallarında diskussiya predmeti olan bu məsələ ətrafında ekspertlər müxtəlif versiyalar səsləndirir. 

Modern.az-ın məlumatına görə Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov Ermənistanın 1in.am portalına müsahibəsində Azərbaycana silah satılması ilə bağlı sualları cavablandırıb. 

Politoloq Serj Sərkisyanın açıqlamasını şərh edərkən bildirib ki, Dağlıq Qarabağda vəziyyət gərginləşəndə Ermənistan prezidenti hansısa bir bəyanat səsləndirməlidir.

Sergey Markedonov hesab edir ki, bununla belə, Rusiyanın Azərbaycana silah satması Yerevan-Bakı-Moskva üçbucağında münasibətlər qəti şəkildə dəyişməyəcək. 

“Bu onu bildirmir ki, Yerevan-Bakı-Moskva üçbucağında əlaqələr qəti şəkildə dəyişəcək”,-deyən politoloq qeyd edib ki, Serj Sərkisyanın bəyanatı sadəcə olaraq Moskva üçün hansısa siqnaldır. 

“Bu siqnal o haqdadır ki, yəni vəziyyət bizi təmin etmir. Mən “biz” deyərkən  konkret Serj Sərkisyanı yox, həm də erməni cəmiyyətini nəzərdə tuturam. Qeyd edim ki, Moskva üçün bu prioritet məsələ deyil, indi Moskvanı Qərb və Ukrayna narahat edir. Ona görə də bu məsələnin qaldırılmasından sonra (Serj Sərkisyanın bəyanatını nəzərdə tutur-red) hər hansı dəyişikliklərin olacağını hesab etmirəm”. 

Ekspertin bildirdiyinə görə Rusiya Azərbaycan olmasa belə, başqa ölkələrə silah satacaq. 
Sergey Markedonov son zamanlar qoşunların təmas xəttində müşahidə edilən gərginliyə də münasibət bildirib. Politoloqun fikrincə, cəbhə xəttindəki silahlı qarşıdurma ATƏT-in Minsk qrupunun effektivliyini iflic edir. 

Siyasi təhlilçi  ATƏT-in Minsk qrupunun yaxın zamanlarda Qarabağ problemi ilə əlaqədar keçirəcəyi konfransın münaqişənin həllinə hər hansı təsirinin olub-olmamasından da söz açıb. O söyləyib ki, bu konfrans Dağlıq Qarabağ münaqişəsində müsbət nəyəsə gətirib çıxarmayacaq. 

“Birinci hələ ki, Bakı və Yerevan hər iki tərəfə əlverişli olan hansısa variant tapmayacaq. İkincisi isə ATƏT-in Minsk qrupunun həmsədrləri bir-birilə normal əməkdaşlıq etməyə başlamayacaqlar. Onlarla konfrans keçirilə bilər, amma onlar münaqişənin nizama salınması üçün effektiv ola bilmir”,-deyə o vurğulayıb.