Bu günlərdə “Bakmil” metrostansiyasının yaxınlığındakı Depo ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin büstü sökülüb.

M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı, tarix elmləri doktoru Nəsiman Yaqublu Modern.az-a açıqlamasında bu hadisəyə belə münasibət bildirib: 

“2013-cü il noyabrın 22-də ölkə başçısı İlham Əliyev Rəsulzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar sərəncam imzaladı. Həmin sərəncam əsasında Azərbaycanda və xarici ölkələrdə çoxlu sayda yubiley tədbirləri keçirildi. Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərinin ilk cildləri artıq Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə nəşr edilib.

Yenə ötən il mənim yazıçı Elçinə müraciətim və onun da Prezidentə xahişi əsasında Rəsulzadənin nəvəsi Almaniyaya müalicəyə göndərildi. Və buna görə mən mətbuatda çıxış edib Rəsulzadə ailəsi adından və öz adımdan ölkə başçısına təşəkkür etdim.

Yəni Rəsulzadəyə qarşı olan gərgin münasibətin tədricən aradan qaldırıldığı bir zamanda Bakı Metropoliteni rəhbərliyinin belə bir addım atması əslində milli-demokratik dövlətçiliyimizin qurucularına, ümumiyyətlə isə o şərəfli tariximizə atılan  ləkədir.

Metropolitenin rəhbərliyi bilməlidir ki, bizim Konstitutiyamızda yazılıb ki, indiki Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycab Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. Odur ki, belə addımların atılması bağışlanılmazdır.

Əlavə edim ki, bu gün Azərbaycandan kənarda Rəsulzadə şəxsiyyətinə böyük diqqət və maraq var. Yəni onun adı ilə bağlı olan hər bir iş Türkiyə, Polşa, Rusiya, Fransa, Almaniya və digər ölkələrdə diqqətlə izlənilir. Bu ölkələrdə onun böyük tədqiqatçıları var.

Hər il Polşanın Varşava şəhərində Beynəlxalq “Prometey” konfransı keçirilir və orada Rəsulzadəyə böyük sayğı bildirilir (mən hər il o konfransda iştirak edir və bunun şahidi oluram). Odur ki, biz Rəsulzadəyə münasibətdə diqqətli olmalıyıq”. 

Nəsiman Yaqublu ölkə başçısı İlham Əliyevə müraciət edərək, onun diqqətini bir problemə də yönəltmək istədiyini bildirib. 

“Bakı Dövlət Universitetinin ərazisində 20 ildən çoxdur ki, Rəsulzadəyə abidə qoyulması ilə bağlı bir daş lövhə qoyulub. Lakin abidənin hazırlanması hələ də reallaşmayıb. Bu abidənin də qoyulmasına ölkə başçısının diqqət yetirməsini istərdim.

Bu həm də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasınınm 97-ci ildönümü ərəfəsində  göstərilən sayğılı bir münasibət olardı”.