Hər il dünyanın nüfuzlu mətbu orqanlarında Azərbaycanın elm adamlarının maralı tədqiqat əsərləri işıq üzü görür. Elmi məqalələr ya dövlətin dəstəyi, ya da müəllifin səyi ilə yayınlanır.

Azərbaycanlı tarixçi, dilçi, tədqiqatçı Elşad Əlilinin də maraqlı araşdırması xarici ölkələrin dərgilərində  yer alıb. Amma sonuncu dəfə Türkiyədə işıq üzü görən eyniadlı məqalədə müəllifin adı əvəzinə başqa şəxsin imzası qeyd olunub. Ən təəssüf doğuran məsələ odur ki, tədqiqatçı vəziyyətdən yenicə və təsadüfən xəbər tutub.

Digər məqama gəldikdə isə,  Elşad Əlili  “yalançı” müəllifi şəxsən yaxşı tanıyır. Osman Çataloluk adlı alim Türkiyədə tanınmış  şəxslərdəndir. Bu alim məqaləni öz imzası ilə Uluslararası Türk dünyası Kültür Araşdırmaları  dərgisində çap etdirib və öz həmkarına, bizim tarixçimizə xəyanət edib. 

Azərbaycanlı tədqiqatçı vəziyyətlə bağlı “Qafqazinfo”ya açıqlama verib.  Bilsirib ki, Türkiyədə çoxlu sayda bilikli, vicdanlı elm adamları, müəllimlər var. Onlar həm bizə, həm də oradakı soydaşlarımıza, tələbələrə doğma münasibət göstərirlər:

“Təəssüf ki, indi düşdüyüm vəziyyət barədə səs salmaq məcburiyyətindəyəm. Mənim konkret şəkildə müəllif hüququm  pozulub.  Məlum elmi məqalənin (“İltisaqi və təsrif qanunları işığında akkad və türk dilləri arasında bağlar”) müəllifi mənəm. Məqaləm Milli Elmlər Akademiyasının müvafiq saytında da çıxıb.  Bu məqalə yüksək səviyyəli işdi. 

Osman Çataloluk etdiyi hərəkətlə həmkarı kimi mənə xəyanət edib. Bu adamın türkologiya, ya da assirologiya ilə bağlı dərin bilikləri yoxdur. Əgər məlum məqalə ilə bağlı ona tənqidi suallar verilsə, cavab verə bilməyəcək. Osmanla çox elmi söhbətlərimiz olub. Mənim türk alimləri, elm adamları ilə münsibətlərimin yalnız bir məqsədi var. Türk xalqlarının birliyi üçün şərikli işlər ortaya çıxarmaq, güclərimizi səfərbər etməkdir.

Bu məqalədə də əvvəlcə yazını mən hazırladım, sonra da Türkiyə türkcəsində birgə hazırladıq. İkimizə də məlum əmək bölgümüz vardı. Məqaləni işləmək mənlik, yaymaq isə onluq idi. Baxmayaraq ki, həmişə məqalə müəllifi kimi ikimizin adı gedib. Məqaləni həmkarım ingiliscəyə tərcümə edirdi, mən də yoxlayırdım. Çünki bəzi incəlikləri anlamayıb səhv tərcümə edirdi. Nəticədə bir neçə ay ərzində ingiliscə variantı da hazır oldu. 

Tədqiqat materialının Amerikanın Standford universitetində yayınlayacağını mənə söz vermişdi. Mənim akkadca-türkcə dil əlaqələri barədə uzun müddətli araşdırmalarım var və hələ onları yayınlamağa tələsmirdim, daha sanballı yazılar hazırlamağı düşünürdüm. Osman məni tələsdirirdi. Standford universitetiylə bağlı vədlər verirdi.

Mən də etiraz etmədim, başlanğıc üçün bu sensasion yazını hazırladım, onun da imzasının getməsinə etiraz etmədim. İki qardaş ölkənin elm adamlarının qərbdə bu mövzuda bu cür yazının getməsinin mənim üçün rəmzi mənası vardı. Qeyd edim ki, Türkiyədə çıxan o dərgidə Azərbaycandan məsləhətçilər var. Onlarda biri Kamal Abdulladır. Yazının mahiyyəti çox mühümdür.”

Elşad Əlili deyir ki, türkiyəli alimin bu xəyanətinə aralarındakı son mübahisə səbəb olub: “Çataloluk mənim 3 dildə və 3 hissədən ibarət  lavaşın etimologiyası ilə bağlı elmi araşdırmasının qol-qanadını qırıb ondan xəbərsiz konfransa göndərib. Bundan xəbər tutanda etiraz etdim. Çatololuk isə qarşılığında nalayiq sözlər dedi.

Osmanla sosial şəbəkə vasitəsilə çox müzakirələrimiz olub. O bəzi məsələlər barədə məndən sorğu-sual edirdi. Mən də qardaş ölkə həmkarı kimi açıqlamalar verirdim. Az keçməmiş həmin fikirlərimi Osman müsahibələrində öz məhsulu kimi qələmə verirdi. Mən də göz yumurdum. Həmkarıq deyə, səsimi çıxarmırdım.”

Elşad Əlili artıq həmin dərgi rəhbərləri, redaktorları  ilə əlaqə saxladığını bildirib. Əlində olan materiallara əsasən haqlı olduğunu sübut edib. Məsul tərəf növbəti buraxılışda bu barədə izahat verəcəklərinə, muəllifin huququnu müdafiə edəcəklərə söz veriblər.

http://www.turkdunyasikulturu.com/media/k2/attachments/5.pdf

http://www.journals.aiac.org.au/index.php/alls/article/view/448/382

http://www.ihr-az.org/index.php?lang=2&ind=publ&id=169