Bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü ilə bağlı deyib.

Partiya sədri qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır.

Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu paradllar həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi.

Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: “… Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir”.

Elnur Eltürk