Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 22-26 iyunda keçirilən yay sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə tənqidi qətnamə qəbul edildi.

Qurumun 23 iyun tarixli məlim qətnaməsi Azərbaycan hakimiyyətinin ciddi etirazları ilə qarşılandı.

Modern.az saytının xəbərinə görə, qalmaqallı sənədin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) AŞPA-dakı nümayəndə heyətinin üzvləri də olub. Modern.az saytı həmin millət vəkillərinin kimliyi ilə bağlı qısa araşdırma aparıb.

Məlum olub ki, Azərbaycan əleyhinə qəbul edilən sənədi dəstəkləyənlərdən biri Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağışdır.

Egemen Bağışın millət vəkili səlahiyyətləri bir neçə gün öncə - AŞPA-nən həmin sessiyasından sonra başa çatıb. Türkiyə qanunlarına görə bir şəxs 3 dəfədən artıq deputat seçilə bilməz.

O, 2002, 2007, 2011-ci illərdə keçirilən parlament seçkilərində İstanbuldan millət vəkili seçilib. Lakin bu il iyunun 23-nə qədər Türkiyə parlamentinə yeni seçilən deputatlar and içmədiyinə görə (İyunun 23-də isə TBMM-ə yeni seçilən millət vəkilləri and içdi-red.) TBMM AŞPA bundan əvvəlki tərkibi ilə təmsil olunub.

AŞPA-da Azərbaycan əleyhinə səs verən deputatlar arasında yer alan Egemen Bağış hazırda hakim Ədalət və İnkşaf Partiyasının üzvüdür. O, Türkiyədə 2013-cü ilin dekabr ayında keçirilən böyük rüşvət və korrupiya əməliyyatları zamanı yaranmış siyasi qalmaqalın episentrində dayanan mərkəzi fiqurlardan biri idi.

Belə ki, həmin vaxt Avropa İttifaqı naziri vəzifəsində çalışan Egemen Bağışın adının böyük  korrupsiya əməlində hallanması sonda onun hökumətdəki postundan getməsi ilə nəticələndi.

Bu ilin yanvar ayında isə Türkiyə parlamentində eks-nazirin korrupsiya və rüşvət ittihamı ilə işinin Ali Məhkəməyə göndərilməsinə görə keçirilən səsvermə Egemen Bağışın xeyrinə oldu. Yəni, səsvermənin nəticələrinə görə, AKP hakimiyyətinin sabiq nazirinin işi Ali Məhkəməyə göndərilmədi.

AKP-nin digər millət vəkili Şaban Dişli də AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləyənlərdən olub. O da 3 dəfə millət vəkili statusu qazandığına görə bu ilin iyunun 7-də keçirilən parlament seçkisində namizəd ola bilmədi.

Əleyhimizə verilən qərarın lehinə səs verən Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvlərindən daha iki şəxsin adı diqqət çəkir.

Onlardan biri sonuncu parlament seçkisində ana müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilən millət vəkili Ahmet Haluk Koçdur. Adıçəkilən CHP üzvü Türkiyə siyasi səhnəsində kifayət qədər yaxşı tanınır.

Digər CHP-li millət vəkili Ayşe Gülsüm Bilgehan da Azərbaycana qarşı sənədi dəstəkləyənlərdən olub. Türkiyənin ikinci prezidenti İsmət İnönünün nəvəsi olan Ayşe Gülsün Bilgehan AŞPA-nın bu ilin aprel ayında keçirilən yaz sessiyasında qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi mövqe ilə diqqət çəkmişdi.

AŞPA-da uydurma erməni genosidinə görə elan olunan bir dəqiqəlik sükut zamanı adı çəkilən millət vəkili sayğı duruşuna qalxmışdı. 

Qeyd edək ki, AŞPA-nın qalmaqallı iclasında həmkarlarından fərqli olaraq AKP-li Ömər Selvi məlum qətnamənin əleyhinə çıxmaqla Azərbaycana dəstək nümayiş etdirib. 

Azərbaycanın lehinə və əleyhinə səs vermiş AŞPA üzvü olan deputatların siyahısı ilə qurumun saytından tanış ola bilərsiniz.

http://assembly.coe.int/nw/xml/Votes/DB-VotesResults-EN.asp?VoteID=35581&DocID=15480&MemberID&Sort=2