Bakı 2015 ilk Avropa Oyunları artıq başa çatdı.

Oyunlaın Azərbaycanda keçirilməsi haqqında qərar elan ediləndən sonra bir çox ölkələr Azərbaycanın bu işin öhdəsindən layiqincə gələcəyinə şübhə edirdilər. Lakin istər Bakı 2015 ilk Avropa Oyunlarının açılış mərasimi, istər yarışların keçirilməsi, təşkili, istərsə də bağlanış mərasimi bütün bu şübhələri dağıtdı. 

Beləliklə, dünən tarixdə ilk dəfə keçirilən Avropa Oyunları başa çatdı. Açılış mərasimi kimi bağlanış mərasimi də möhtəşəm proqramı ilə izləyicilərə unudulmaz anlar yaşatdı.

ANS-in məlumatına görə, tədbirdə ölkəmizin tarixi, ənənələri, incəsənəti canlandırıldı. Azərbaycan musiqisinin müasir musiqi ilə sintezi, xorun dövlət himnini simfonik aranjemanda ifa etməsi bu gözəllikləri tək azərbaycanlılara deyil, xarici qonaqlara və idmançılara da yaşatdı. 

Bağlanış şousu bir necə hissədən ibarət oldu. Bəs bu məqamlar hansılardır? 

Geriyə sayım
Bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanır. Geri sayım başa çatanda dövlət himni yeni simfonik aranjemanda ifa edilir və Azərbaycan bayrağı yüksəlir. 









Transformasiya
Şounun transformasiya hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edirdi. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə baxanları öz sehrinə salmışdı.






İdmançıların paradı 
Stadionun ekranlarında nümayiş olunan qısa film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə Bakı 2015 Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlığımızı ifadə edirdi. Bunun ardınca isə 50 uşağın xorla oxuduğu “Çal-oyna” xalq mahnısı 17 gün ərzində 50 dövlətin təmsilçisi olan 6000 atlet üçün bayram havası oldu.




Gəncliyin enerjisi
Yeni texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı adamlar – onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və daşıdıqları enerjini ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaranır. Bağlanış mərasimində də həmin texnologiyalardan istifadə edilib. Bu, gəncliyin enerjisidir! 500 nəfərdən artıq ifaçı arasında enerjili hip-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Oyanış 
Avrpa Oyunlarının daha bir gözəlliyi və möhtəşəmliyi Azərbaycanın milli musiqi alətlərinin ifasında səslənən musiqilər olub. Elnur Mikayılovun bənzərsiz və həzin səsli kamançasının və Lamiyə Kərimovanın zövq oxşayan ifası əsl musiqi ziyafəti idi. Qum rəssamının sehrli simurq quşu əfsanəsindən olan obrazları çəkməsi və onların sanki möcüzəli şəkildə səhnədə canlanması ifalara xüsusi gözəllik qatıb.







Alovun söndürülməsi
Avropa Oyunları alovunun söndürüldüyü an isə 17 günün kuliminasiya nöqtəsi idi. Bu müddətdə idmançılar şücaətləri ilə dünyanın diqqət mərkəzində olublar. 







Nəhayət, idmançılar, rəsmi şəxslər və könüllülər üçün Oyunlar sona yetib. Tarixə dönən ilk Avropa Oyunlarını bayram etməyin vaxtı çatıb. Beləliklə, Avropa Oyunları möhtəşəm atəşfəşanlığın Bakı səmasını bəzəməsi ilə başa çatıb.