Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində yeganə təmsilçimiz “Qarabağ” Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Qlazqo şəhərindəki “Seltik Park” stadionunda keçiriləcək "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) oyununun baş hakimi Robert Şörgenhofer (Avstriya) olacaq.

Modern.az saytını oyunun necə keçəcəyini idman yazarlarından soruşub.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli:

“"Seltik" yetərincə güclü komandadı, həm də bildiyimə görə, bu oyunu 50-55 min azarkeşin önündə keçirəcək. Amma "Qarabağ"ın da artıq belə nəhəng rəqiblərlə oynamaq baxımından zəngin təcrübəsi var. Minimal fərqlə uduzsaq, şəxsən mən kədərlənmərəm. Hər halda, evdə belə məğlubiyyətin əvəzini çıxmaq mümkündür. İstənilən qollu heç-heçə isə "Qarabağ" və azərbaycanlı azarkeşlər üçün fantastik olardı”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov:

“”Seltik” Şotlandiyanın ən nəhəng komandasıdır. Avropada isə məşhur klublardan sayılır. Düzdür, komanda da əvvəlki kimi güclü deyil. Amma yenə də “Qarabağ” üçün çox ciddi rəqibdir. Təsadüfi deyil ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdəki ilk oyunda kiçik hesablı məğlubiyyətin belə, komandası üçün normal nəticə sayıla biləcəyini deyib. Amma “Qarabağın bu gün öz qapısından top buraxmamaq üçün müdafiə futbolu oynayacağını gözləyirəm.

Ümimiyyətlə, “Seltik” güclü komanda olsa da, “Qarabağ”ın ötən il qarşılaşdığı Avstriya “Zalsburq”undan zəifdir. Bu mənada, komandamızın bu gün ehtiyatlı oynayaraq heç-heç edəcəyini düşünürəm. Hər halda “Qarabağ” bu mövsüm getdikcə öz oyununu inkişaf etdirir. Monteneqro "Rudar"ı ilə təkrar matçda biz komandamızın etibarlı və səliqəli oyununa şahid olduq. İnanıram ki, bu gün “Seltik”i stadionda 60 min azarkeşin dəstəkləməsinə baxmayaraq, “Qarabağ” layiqli oyun nümayiş etdirib, Bakıya sərfəli nəticə ilə qayıdacaq”.

“Qızıl topun” jüri üzvü Rasim Mövsümzadə:

“Düzü “Qarabağ” yeni mövsümün ilk oyunlarında ötən mövsümdəkinə nisbətən zəif oyun nümayiş etdirdi. Bu səbəbdən də Çempionlar Liqasının 2-ci seçmə mərhələsində güclü olmayan “Rudar”ı çətinliklə keçdi. Ona görə də Şotlandiya çempionu “Seltik”lə qarşılaşmalarda çempionumuzun işinin daha ağır olacağı şübhə doğurmur. Rəqibin heyətində Şotlandiya, İsveç, Norveç, İrlandiya, İsrail, Nigeriya, Honduras kimi milli komandaların futbolçuları çıxış edirlər.

Rəqibindən asılı olmayaraq, həmişə hücum futboluna meyl edən “Qarabağ” fikrimcə, bu dəfə əks-hücum taktikasına üstünlük versə, uğur qazana bilər. Ötən mövsüm milli çempionatda 84 qol vurmuş (orta hesabla bir oyunda 2,21 qol) komanda ilə açıq futbol oynamaq təhlükəli ola bilər”.

“Fanat” İdman Agentliyinin (fanat.az) baş redaktoru Əli Sahib:

“Rəqibin adı hər şeyi deyir. Oyun çətin olacaq. Amma "Qarabağ" da güvənci haqq etmiş komandadı bizim gözümüzdə. Odur ki, rəqibin kimliyindən aslı olmayaraq komandamıza inanmalıyıq. Düşünürəm ki, bugünkü oyunda "Qarabağ" qapısının toxunulmamazlığına diqqət edəcək.

Yəni, maksimum diqqət və güc müdafiə olunmağa sərf olunacaq. Rəqibin meydan sahibi olmasından yararlanaraq onları əks-hücumda yaxalamağa çalışacaqlar. Ümid edirəm ki, alınacaq və sonda sevinən tərəf biz olacağıq. Yəqinləşdirdiyim odur ki, "Qarabağ" bu qarşılaşmadan səfər qolu ilə ayrılacaq”.