Bu gün Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ölümünün 15-ci ildönümü tamam olur. 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olan mərhum prezident 2000-ci ildə 62 yaşında Ankarada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Modern.az 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə əlaqə saxlayıb. Hazırda anadan olduğu kənddə mərhumun şərəfinə ehsan verildiyini qeyd edən Almurad Əliyev kiçik qardaşının uşaqlıq və tələbəlik illərindən danışıb:

“Uşaq vaxtı çox zaman Xəlil düzündə yaylaqda olardıq. Əbülfəz Elçibəy də yaylaqda anadan olmuşdu. İki-üç yaşı olanda hamı onu çox istəyirdi. Xırda işlər görürdü. Bir az böyüyəndən sonra bizə lap çox kömək etməyə başladı. Məktəbə getməyən vaxtlarında istəyirdi ki, kömək üçün harasa gedib bir iş görsün. Anam deyirdi ki, onunla işin olmasın, qoy getsin. Yəni o vaxtdan çox fəal olub. Hamı da onu çox istəyirdi.

Sonra məktəbə getdi. Dərslərini çox yaxşı oxuyurdu. Ordubadda dayımgildə qalırdı və orada da məktəbi bitirdi. Heç xəbərimiz də olmayıb, özü öz gücü ilə universitetə qəbul olundu. Mən də onu çox istəyirdim, bu gün də ondan ötrü çox darıxıram. Bu saat kənddə onun üçün ehsan verilir. Qəti üsyankar deyildi. Dava salmaqla arası yox idi. Əksinə, iki nəfəri dava edən görəndə birinci o qaçıb ayırardı”.

Almurad Əliyev mərhum qardaşının tələbəlik illərinə aid maraqlı xatirəni də paylaşıb:  

“Universitetdə oxuyanda rəhmətlik dayım qoymazdı ki, ona çox pul yollayaq. O vaxt mən işləyirdim. İstəyirdim ki, onun üçün tez-tez pul yollayım. Amma dayım qoymazdı.

Deyərdi ki, qoy çətinliklərə öyrəşsin. Mən yaxşı qazanırdım. Dayım həm də mənim pul yollamağımı ona görə istəmirdi ki, birdən Əbülfəz başqa yerlərə gedər, ayrı işlərlə məşğul olar. Deyirdi ki, çox pul yollamayın, ancaq diqqətini dərslərinə versin.

Bir dəfə qohumlarımızdan biri Əbülfəz Elçibəyi restorana aparıb. Dayım eşidəndə çox əsəbiləşmişdi. Onun başına oyun açdı. Elə bu minvalla da dərslərini çox yaxşı oxudu və universiteti əla qiymətlərlə bitirdi.

Sonra xaricə getdi. Oradan qayıdanda hamımız üçün nəsə gətirmişdi.

Hərdən görürdün ki, bizə maddi yarım etmək istəyir. Amma burada işləyəndə nə alırdı ki?! Hərdən mən də ona kömək edirdim. Amma özü-öz başını saxlayırdı. Biz qoymazdıq ki, bizə nəsə kömək etsin. Onda pul haradan idi?..”