Oktyabrın 5-i Azərbaycanda Müəllimlər günü qeyd olunur.

Bu gün orta ümumtəhsil məktəblərində kifayət qədər müəllim çalışsa da, bu adı daşımağa layiq olanlarla yanaşı, olmayanlar da var. Təhsil naziri Mikayıl Cabbarovun dolanışıqdan, əmək haqqının azlığından şikayət edən müəllimlərin həyat və şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər danılmazdır. Amma hərdən düşünürsən ki, bir müəllim 1000 manat maaş alsa belə, özünü tam olaraq təhsil öyrətməyə yönəltməyəcək. Bunu repititorluq edən müəllimlərin timsalında daha aydın görmək olur.

İllərdir təhsilin bəlasına çevrilən repititorluq aradan qaldırılmaq əvəzinə, daha da şaxələnir. Artıq müəllim xüsusi olaraq hazırlığa gəlməyən şagirdlərin “canına oxuyar” həddə gəlib çıxıb. Məsələ burasındadır ki, repititor-müəllim 10-15 il əvvəl ən yaxşı halda bir fənn üçün 20 manat tələb edirdisə, indi bu rəqəm ən yaxşı halda 50 manatdır. Təhsil sahəsi üzə ekspert Şahlar Əsgərov Modern.az saytına deyib ki, repititorluq təhsilə bıçaq yarasıdır və hələ uzun illər problem olaraq qalacaq:

“Problem bir gündə meydana gəlməyib. Bu, 20 ildir, günbəgün yaranan və indi də qarşısı alına bilməyən vəziyyətə gətirib çıxarıb. Nəzərinizə çatdırım ki, repititorluq zaman-zaman təhsilə rəhbərlik edən şəxslər tərəfindən müdafiə olunub. Yadımdadır bir neçə il əvvəl həmin rəhbərə bu barədə sual veriləndə: “Repititorluğun nə ziyanı var axı” deyərək etirazını bildirmişdi.

Mən hesab edirəm ki, repititorluq təhsilə vurulan bıçaq yarasıdır. Əgər dövlət öz büdcəsinin 25-30 faizini təhsilə ayırırsa, yeni məktəblər tikirsə, repititorluq niyə olmalıdır?!”.

Ekspertin fikrincə bu, təhslin düzgün istiqamətdə inkişaf etməməsinə dəlalət edir və çox qüsurlu bir faktdır:

“Repititorluqda istənilən fənni-kimyanı, riyaziyyatı öyrətmək olar. Amma siz repititorluqda şagirdə vətən sevgisini aşılaya və bu şəkildə vətənpərvər yetişdirə bilməzsiniz. Çünki, repititorluq proqramında bu mövzu yoxdur. Sadəcə müəllim aldığı pul müqabilində hansısa fənni və qaydaları öyrətməyə vaxt ayırır. Vəssalam!

Təbii ki, illərdir gələn problemi bir anın içində həll etmək mümkün deyil. Ona görə də məsələni hər dəfə qaldırırıq və inanıram ki, gələn il də qaldıracağıq və hələ də həllini tapmamış qalacaq...

Nəzərə alaq ki, bunun həlli aşağı səviyyədə mümkün deyil. Təhsil siyasətini aparan insanlar məsələni həll etməlidir. Məsələn, problemi məktəb direktoru səviyyəsində həll edə bilməzsiniz. Bu bir sistemdir. Məktəb direktoru hər zaman məsələdən xəbərdardır və maraqlıdır. Başqa cür düşünmək özünü aldatmaqdır”.

Ş.Əsgərov deyir ki, orta ümumtəhsil məktəblərində müəllimlərin sayı stabilləşdikdən sonra maaşlar bir az da qalxacaq:

“Təhsil naziri Mikayıl Cabbarov çalışır ki, müəllimlərin maaşı qaldırılsın və bu istiqamətdə işlər görülür. Hazırda mövcud olan problemlərdən biri də müəllim sayının çox olmasıdır. Məktəblərdə kriteriya, meyar pozulub. Kriteriyalara əsasən, 19 şagirdə bir müəllim düşməlidir.

Bizdə isə 10 şagirdə bir müəllim düşür. Müəllimlərin sayı ikiqat çoxdur. Buna görə də maaş ikiqat azdır. Bu say normallaşanda müəllimlərin maaşı bir az da artacaq. Bu illər uzunu pozula-pozula əmələ gəlmiş məsələdir. İndiki şəraitdə bunu toparlamaq asan iş deyil”.