Qərb təhlilçiliəri İranda 2016-ci il fevral ayında keçiriləcək parlament seçkilərinin ölkənin siyasi kursunun müəyyən edilməsində əhəmiyyətini qeyd edir. İranın özündə seçkilərə hazırlıqlar artıq başlayıb.

GünAz televisiyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibədə İranda növbəti parlament seçkilərinə hazırlıqlar, Azərbaycanı təmsil edəcək namizədlərin seçki platforması və Azərbaycan türklərinin seçkilərdən gözləntiləri haqda danışıb.

Əhməd Obalı deyib ki, seçkilərə hələ bir müddət vaxt qalsa da, hazırlıqların başladığını müşahidə etmək olar. “Azərbaycan bölgələrində əvvəllərlə müqayisədə xalqın seçki prosesindən istifadə edərək, tələblərin ortaya atılıb müzakirə edilməsi ilə bağlı fikirlər daha çox geniş yayılmaqdadır”-deyə o bildirib.

Parlament seçkilərində namizədlərin seçki kampaniyasında Azərbaycanlıların problemləri, xüsusilə də ana dilində təhsil və Urmiyə gölündə ekoloji böhran kimi məsələlərin necə əks olunduğundan danışan Əhməd Obalı deyib ki, “müzakirəyə çıxarılmalı çox məsələ var və xalq bununla bağlı istəyini bildirib.“ O, prezident Həsən Ruhaninin prezident seçki kampaniyasında azərbaycanlılara verdiyi vədlərə də toxunaraq: “O vədlər millətin yadından çıxmayıb. Ruhani prezident olduqdan sonra Təbrizə gələndə millətin, milli fəalların bir çoxunun verdiyi şüarlarda da Ruhaninin verdiyi vədlər xatırladıldı.”

Əhməd Obalının sözlərinə görə, bu dəfə seçkilərdə, xüsusilə də İranla Qərb arasında anlaşmadan sonra xalq ölkə daxilində dəyişikliklərin baş verməsini istəyir. “İran dövləti ağıllı davransa, millətin fikrinə diqqət verəcək. Əvvəlki kimi davam etsə, təbii ki bu milləti bir az da narazı salacaq”-deyə o bildirib.

Əhməd Obalı azərbaycalıların seçkidən gözləntilərindən danışıb. O, İranda seçki prosesinə Nəzarət Şurası tərəfindən nəzarət edildiyi və namizədlərin təsdiq edilməsində qurumun son sözə malik olduğunu qeyd edib. Lakin o eyni zamanda xalq arasında “bu dəfə parlament üzvlərinin onların sözünü deyə biləcəyi ilə bağlı ümidlərin də olduğunu” bildirib:

“Bu dəfə millət daha çox istəyr ki, doğrudan da əgər Milli Məclisə nümayəndə millərin tərəfindən getməyə çalışırsa, millətin sözünü orada çatdırmalıdır. Bu seçkidə doğrudan da millətin tələblərinə əhəmiyyət verən namizədlər həm kampaniya zamanı, təbliğat kampaniyası zamanı, həm də seçki günü seçicilərin çoxu səsverməyə getsə, böyük maraq qazanacaqlar. İndidən gedən hazırlıq kampaniyalarından da bəllidir ki, bu dəfə millət öz sözünü deməyə daha çox hazırlaşır.”

Əhməd Obalı İran və Qərb arasında razılaşmanın əldə edilməsindən sonra seçkilərin fərqli keçə biləcəyi ilə bağlı insanlar arasında ümidlərdən danışıb:

“Son bir il ərzində yazılan məqalələr və xəbərlərdən görürük ki, maraq çoxalır və millət də tələb edir ki indiki düşmənlə sözdə də olsa rabitə qura bilirsiniz və ya ən azı rabitə qurmaq üçün müəyyən hazırlıqlar gedə bilirsə, ən azı fikir ayrılıqlarını aradan qaldırmaq üçün nüvə müzakirəsində sona çatdıra bilirsinizsə, bizim də, millətin də fikrinə diqqət etmək lazımdır.”