Təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəblərdə təhsil haqlarının yüksək olduğunu vurğulayaraq, bu məbləği artırmamağı tövsiyə edib: “Təbii ki,  Təhsil Nazirliyi olaraq biz bunu tələb yox, ancaq tövsiyə edə bilərik”.

Modern.az saytı bu gün dövlət və özəl ali təhsil müəssisələrində təhsil haqlarının nə qədər olduğunu və onların güzəştə gedib-getməyəcəklərini öyrənməyə çalışıb.

Bakı Dövlət Universitetinin maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov bildirib ki, bu ali məktəbdə ixtisaslar üzrə təhsil haqqı 1450-2500 manat civarındadır: “Ən yüksək təhsil haqqı hüquqşünaslıq fakültəsindədir - 3800 manat. Bu da tələb və təklifə uyğun olaraq edilib və Nazirlər Kabinetində də təsdiqlənib. Deyərdim ki, Azərbaycanda ən aşağı təhsil haqqı Bakı Dövlət Universitetindədir.

Əvvəlki illərlə müqayisədə Azərbaycan iqtisadiyyatı inkişaf edir. Əvvəllər 500 tələbə gəlirdi ki, təhsil haqqını ödəmək imkanı yoxdur, biz onlara hissə-hissə ödəməyə şərait yaradırdıq. İndi belə müraciətlərin sayı xeyli azalıb. Deyərdim ki, universitetin ödənişli ixtisaslarında oxuyan tələbə kontingentinin 98 faizi heç bir problem və gecikdirmə olmadan təhsil haqqını ödəyir. Bu il təhsil haqlarını qaldırmamışıq”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlının sözlərinə görə, ölkədə ən aşağı təhsil haqqı məhz onlardadır: “Bakalavrlar üçün əyani şöbədə 1200, qiyabi şöbədə 1100 manatdır. Magistr pilləsində isə təhsil haqqı 2500 manatdır. Qiymətlərin gələcəkdə endirilməsi nəzərdə tutulmur. Çünki bu artım bizdə yenidir və bir çox təhsil müəssisəsindən də aşağıdır”.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deyib ki, hazırda onlarda təhsil haqqı 3000 manat və ondan aşağıdır: “Hamı təhsil haqqının yüksək olmasından və qiymətlərin aşağı salınmasından danışır. Amma təhsil haqqından deyil, təhsilin keyfiyyətindən danışılmalıdır. Ucuz təhsil keyfiyyətli ola bilməz. Dünyanın bütün nüfuzlu universitetlərdə təhsil haqqı yüksəkdir. Bizdə hazırda təhsil haqqı 3000 və 3000-dən aşağıdır. Bu da ümumi kütlənin tələbləri nəzərə alınaraq edilib. Büdcə müzakirələri zamanı mən “Təhsil kreditləri haqqında” qanun layihəsi ilə bağlı danışacağam ki, heç olmazsa bununla aşağı imkanlı ailələrə şərait yaradılsın ki, onlar təhsil ala bilsinlər”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımovabildirib ki, onlar bu il təhsil haqqını qaldırmayıblar:

“Biz reallıqları nəzərə alırıq və düşünürük ki, ali təhsil müəssisəsi olaraq tələbələrə təhsil almaq imkanları yaradaq. Bu baxımdan da ADU-da təhsil haqlarında artım olmayıb. Bunun nəticəsidir ki, bu il universitetə qəbul 100 faiz olub. Hazırda universitetdə ən yuxarı təhsil haqqı 2500, ən aşağı təhsil haqqı isə 1000 manatdır”.

Bakı Biznes Universitetinin mətbuat xidmətinin rəhbəri Mədət Məmmədovbildirib ki, 10 ildir onlarda təhsil haqları stabil qalır və dəyişdirilmir: “10 ildir  bizdə təhsil haqları 2000 manatdır və dəyişilmir. Biz bunu müzakirə edib qərara gəldik ki, elə stabil olaraq da qalsın. Başqa özəl universitetlərdə hər il təhsil haqları qaldırılır, amma biz stabil saxlayırıq. Biz eyni zamanda 43 tələbəmizi xaricdə təhsil almağa göndərmişik. Onlar 1-2 ildir xaricdə müxtəlif universitetlərdə oxuyurlar”.

Qafqaz Universitetindən verilən məlumata görə, burada təhsil alan tələbələrin 50 faizə yaxını dövlət sifarişi ilə təhsil alır. 
“Ödənişli əsaslarla təhsil alan tələbələrin əksəriyyəti isə TQDK-nın keçirdiyi qəbul imtahanında topladığı bala görə güzəştli təhsil alırlar. Təhsil haqqı ödənişli olan  ixtisaslarımızda güzəştləri də nəzərə alsaq, ödənişsizdən 4500 manata qədərdir. Ümumilikdə, ödənişli təhsil alan tələbələrin ödədikləri təhsil haqqının ortalaması dövlətin müəyyən etdiyi təhsil haqqı qiymətinə uyğundur”. 

Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentindən verilən məlumata görə, onlarda ən yüksək təhsil haqqı MBA proqramı üzrə 3000 və ən aşağı təhsil haqqı 1500 manatdır. Lakin gələcəkdə universitetdə təhsil haqlarının aşağı salınması istiqamətində hər hansı addımın atılıb-atılmayacağı bilinmir.

Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat xidmətinin  rəhbəri Zeynəb Kazımova bildirib ki, onlarda təhsil pulsuzdur, Ali Məktəbə I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək bal toplayan tələbələr qəbul ola bilirlər.

Əgər tələbə BANM-ə ödənişli əsaslarla qəbul olarsa, bu zaman tələbənin təhsil xərci SOCAR tərəfindən dövlətə ödənilir, həmin tələbələrə digərləri kimi təqaüd verilir və hər hansı şərt tələb olunmur. Tələbələrin təhsil haqqı ödəməklə bağlı öhdəliyi mövcud deyil.