2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.

Qeyd edək ki, oktyabrın 26-dan işə başlayan Assambleyada gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya Komitəsini birləşdirən qurumdur. Hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.