Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman birliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. 

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

Digər məlumata görə, noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov “Nardaran” hadisələri ilə əlaqədar “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib.

Bununla əlaqədar Ruzi İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. Ruzi İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.