Ermənistanda yerləşən Rusiya hərbi bazasında "Snayper - 2016" Ümumrusiya müsabiqəsinə hazırlıq keçirilib. 

Bu məqsədlə rusiyalı snayperlər Ermənistana toplaşıb. Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində yüzlərlə snayper təlimlərə başlayıb.

Təlimlərdə “Draqunov” snayper tüfəngindən uzaq məsafələdə hərəkət edən hədəfə atəş açılmaqla yanaşı həmçinin snayperlərin maskalanması üzərində iş aparılır.  

Hərbçilər yüksək dağlıq ərazilərdə uzun məsafədən atəş açmaq üzərində işləyir. Atəş təlimləri dəyişik hava şəraitində olmaqla gündüz və gecə keçirilib. Bundan əlavə, gizli hərəkət edən hədəflərə atəş açmaq üzrə məşqlər keçirilib.

Keçən il Rusiya Ermənistanda yerləşən Kamxud poliqonunda pilotsuz təyyarələrlə manevrlər keçirib. Bu barədə Cənub Hərbi Dairəsi məlumat verib. Hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edib.

Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münasibətlərin ardınca Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir.

Bir müddət əvvəl Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri göndərib. Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.

Bundan əvvəl, dekabrın 8-də Ermənistandakı Erebuni rus hərbi bazasına 7 ədəd “Mi-24P” zərbə və “Mi-8MT”nəqliyyat vertolyotlarının gətirildiyi haqda məlumatlar yayılıb. 

Cənub Hərbi Dairəsinin İrəvandakı aviasiya bazası 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan gətirilmiş “MiQ-29” qırıcı təyyarələri yerləşdirilib. 2001-ci ilin iyulunda Erebunidə yerləşən hissələrdən aviasiya bazası yaradılıb. Həmin aviasiya bazası Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentidir.

İki ölkə arsında vəziyyətin gərginləşməsinə səbəb Türkiyənin Rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə-Suriya sərhədində vurması olub. Baş verən hadisələrdən sonra iki ölkə arasındakı vəziyyət arzu olunmaz həddə çatıb. Bundan sonra Rusiya Türkiyə mallarına sanksiyalar qoyub./ans/