Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkün qəsəbəsində “Qaçqın düşmüş musiqi” layihəsinin yekunu olaraq musiqi festivalı keçirilib.

Tədbirə Bərdə Rayon Gənclər və İdman İdarəsinin, mədəniyyət mərkəzinin, musiqi məktəblərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələr və gənclər iştirak ediblər. Çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb, gənclərdə vətənpərvərlik hislərinin yüksəldilməsində layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi milli musiqimizin təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, qəsəbədə məskunlaşan istedadlı gənclərin üzə çıxarılaraq ictimaiyyətə təqdim edilməsidir.

Festivalda uşaqlardan ibarət ansamblın müşayiəti ilə gənc istedadlar muğam, təsnif, xalq mahnıları və müxtəlif rəqslər ifa ediblər.

Tədbirin sonunda layihənin iştirakçılarına və həyata keçirilməsinə dəstək olanlara diplomlar təqdim olunub./azertag/